""Elektron məhkəmə" informasiya sistemində vəkilin adının yalnız özünün xahişi ilə anonimləşməsi məqsədəuyğundur"


  • 19 Fevral 2021 11:39

"Elektron məhkəmə" informasiya sistemində vəkilin adının anonimləşdirilməsi hüquq ictimaiyyətinin son günlər mühüm müzakirə mövzusuna çevrilib. Sistemdə hakimin adı qeyd olunduğu halda, proses iştirakçısı kimi vəkilin adının anonimləşdirilməsi məsələsi əsas düyün nöqtəsi kimi qabardılır.

Mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, bəzən cəmiyyətdə müdafiə etdiyi şəxsin törətdiyi əməllə vəkilin şəxsiyyətinin eyniləşdirilməsi meyllərinə rast gəlinir. Bu da vəkilin həm özü, həm də ailəsi üçün müəyyən risklər yaradır. Ona görə də vəkilin adının anonimləşdirilməsi onun öz seçimi ilə edilməlidir.

"Əksər vəkillərin qənaəti bundan ibarətdir ki, vəkillərin adının informasiya sisteminə daxil olunması daha məqsədəuyğundur. Çünki vəkil insan hüquq və azadlıqlarının müdafiəsi ilə peşəkar formada məşğuldur, gəliri bu işdən asılıdır, adının hallanması, yaxud işdəki performansı onun üçün əlavə reklam və tanıtım imkanıdır. Lakin, məsələnin başqa bir üzü də var. Cinayət Prosessual qanunvericiliyə əsasən, müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz. Dövlət orqanlarında təbii ki, belə bir problem yaranmır, lakin, təəssüf ki, cəmiyyətdə onun müdafiə etdiyi şəxsin, yaxud həmin şəxsin törətdiyi əməllə vəkilin şəxsiyyəti hələ də eyniləşdirilməsi meyllərinə rast gəlinməkdədir.

Məsələn, qanunla bir sıra hallarda, o cümlədən, şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı mütləq təmin olunur. Bu mənada ələ keçirilmiş bir erməni terrorçunun, yaxud cəmiyyətdə ikrah doğuran səs-küylü bir cinayəti törətmiş təcavüzçünün müdafiəçisinin adının açıqlanması heç şübhəsiz həmin vəkili, hətta onun ailəsini ən azı cəmiyyətin qınaq hədəfi edəcək. Xüsusən, indiki media inflyasiyası, sensasiya aludəçiliyi və müasir sosial mediadakı kütlə təfəkkürü vəkilə öz peşə borcunu yerinə yetirmiş şəxs yox, "terrorçunu müdafiə edən", "terrorçuya dəstək verən" kimi kütləvi hücum başladacaq. Belə işlərin riskini vəkil öncədən duya bildiyi üçün, məhz bu kimi potensial riskləri əsas gətirərək, "Elektron məhkəmə" informasiya sistemində vəkilin adının yalnız və yalnız vəkilin özünün xahişi ilə anonimləşdirilməsi məqsədəuyğundur. Digər hallarda isə informasiya sistemində vəkilin adının anonim saxlanmasına ehtiyac yoxdur", - deyə B.Məhərrəmov qeyd edib.

Oxşar xəbərlər