Azərbaycanda fəaliyyət göstərən ən stajlı vəkil kimdir?


  • 1 Mart 2021 11:55

Ötən il dekabrın 31-də Prezident İlham Əliyev bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. “Vəkil günü” peşə bayramı münasibətilə və Azərbaycanda hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər sırasında Rəcəbova Eleonora Viktorovna da var.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdiri E. Rəcəbova Azərbaycanda ən çox stajı olan hüquqşünasdır.

Rəcəbova Eleonora Viktorovna 6 aprel 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1951-ci ildə Bakı şəhəri 66 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1955-ci ildə oranı bitirib. Həmin ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və vəkil kimi fəaliyyət göstərmək üçün Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasına təyinatla göndərilib. Əvvəlcə qısa müddət stajçı kimi, daha sonra peşəkar vəkillik fəaliyyətinə başlayıb. Həyat yoldaşının diplomatik vəzifə tutması ilə bağlı, qısa müddət fasilələrlə Suriya, Livan, Küveytdə yaşaması ilə əlaqədar vəkillik fəaliyyətinə ara versə də, sonradan öz peşəsini davam etdirib.

Azərbaycan vəkilliyinə əməli töhfələr verməsi ilə bərabər, Eleonora Rəcəbova həm də dünyada ölkəmizin adını və bayrağını ucaldan məşhur şahmatçı Teymur Rəcəbovun nənəsi olmaqla onun yetişməsində müstəsna rol oynayıb.

Rəcəbova Eleonora Viktorovna 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib.

1985-ci ildə Eleonora Rəcəbovaya işindəki naliyyətlərinə görə Azərbaycan SSRİ-nin ədliyyə naziri tərəfindən “Təşəkkür” elan olunmuş, həmçinin 1987-ci ildə “Əmək veteranı” adına layiq görülüb.

1995-2004-cü illər ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, 2005-2010-cu illərdə Vəkillərin İxtisas Komissiyasının və Hakimlərin Seçki Komitəsinin üzvü olub.

2008-ci ildə “Vəkillər Kollegiyasının Fəxri Vəkili” adına layiq görülüb.

2011-2013-cü illərdə Vəkillər Kollegiyasının ictimai həyatında səmərəli fəaliyyəti və 80 illik yubileyi münasibətilə Vəkillər Kollegiyasının fəxri fərmanları ilə təltif edilib.

Rəcəbova Eleonora Viktorovna uzun illər öz vəkillik fəaliyyəti ilə Azərbaycan vəkilliyinin inkişaf etdirilməsində əzmlə iştirak edib, nümunəvi vəkil davranışı ilə vəkil adını daima uca tutub.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 4 aprel 2018-ci il tarixli qərarı ilə Eleonora Rəcəbova səmərəli fəaliyyəti, peşəkar təşkilatçılıq bacarığı və 85 illik yubileyi münasibətilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülüb.

Açıklama yok.

Açıklama yok.

Oxşar xəbərlər