Ombudsman Azərbaycanda vəkillərin sayının artırılmasını təklif etdi


  • 9 Mart 2021 13:57

Vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətini atrırmaq məqsədilə vəkillərin ixtisaslaşmasının təşkil edilməsinə böyük ehtiyac var.

E-huquq.az-ın məlumatına görə, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Ümumiyyətlə, Ombudsman insan hüquqlarının müdafiəsində vəkillik institutunun əhəmiyyətini nəzərə alaraq, illik məruzələrində ölkədə vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləğinin yüksəldilməsi və fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı aidiyyəti qurumlara təkliflərlə müraciət edib.

Ombudsman vəkillik peşəsinə qəbul zamanı namizədlər üçün müəyyən edilmiş tələblər siyahısından hüquqşünas ixtisası üzrə iş stajına, habelə elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyətə dair tələbin çıxarılmasını, eyni zamanda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, habelə dövlət qulluğunda hüquqşünas ixtisası üzrə azı 7 il fasiləsiz iş stajı olan şəxslərin yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, yalnız şifahi müsahibədən keçməklə, hakim olmuş şəxslərin isə yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil olmasına imkan yaradılmasını məqsədəmüvafiq hesab edir.

Maddi imkanı olmayan şəxslərin hüquqi yardım almaq hüququnun təmin olunması ədalətli mühakimənin təmin edilməsi ilə yanaşı, şəxsin öz hüquqlarından səmərəli istifadə etməsinə imkan verir. Odur ki, aztəminatlı şəxslərə regionlarda dövlət büdcəsi hesabına müntəzəm xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması üçün maliyyə vəsaitinin ayrılması, eyni zamanda vəkillərin regionlardakı fəaliyyətinin stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Bu, insan hüquqlarının daha etibarlı müdafiəsində, hüquq pozuntularının və məmur özbaşınalığının qarşısının alınmasında vacib amildir.

Oxşar xəbərlər