Anar Bağırov hüquq peşələri üzrə vahid yazılı test imtahanının keçirilməsini təklif edir


  • 10 Mart 2021 16:20

“Vəkilliyə, hakimliyə və prokurorluğa qəbul üçün vahid test imtahanının keçirilməsi yaxşı olardı”.

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Bir çox ölkələrdə hüquq peşələri üzrə vahid test imtahanının təşkil edildiyini deyən Kollegiya sədri ölkəmizdə də bu praktikadan istifadə olunmasının müsbət nəticələrə səbəb olacağını bildirib.

“İstənilən hüquqşünas vahid test imtahanının nəticəsinə uyğun olaraq, növbəti mərhələdə iştirak üçün aidiyyəti qurumlara müraciət etsin. Tutaq ki, vəkilliyə qəbul üçün 60, hakimliyə qəbul üçün 70-80 bal nəzərdə tutulsun. Təbii ki, bunu hər qurum özü müəyyənləşdirə bilər. Burada imtahanda yığılan balla yanaşı, xüsusi qanunlarda göstərilən tələblər və digər meyarlar da əsas götürülə bilər”, - deyə o qeyd edib.

A.Bağırovun sözlərinə görə, ümumi hüquqi biliklərin test yolu ilə, konkret peşə üzrə xüsusi biliklərin isə şifahi müsahibə yolu ilə yoxlanılması daha məqsədəuyğun olar: “Əgər vahid test imtahanı olsa, hər kəs bu imtahana hazırlaşar. İmtahandan sonra da digər mərhələlərə hazırlıq olar. İndi isə vəziyyət elədir ki, bir insan tutaq ki, prokurorluğa imtahan verir, qəbul olduqdan sonra gəlib vəkilliyə qəbul imtahanına hazırlaşır. Vəkilliyə qəbul olduqdan sonra gedib notariata qəbul üçün imtahan verir. Halbuki vahid test imtahanından keçən namizədin konkret peşə üzrə bilikləri şifahi müsahibə ilə yoxlanılsa, daha yaxşı olardı”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər