Tanınmış vəkil Emin Məmmədov jurnalistlərə müraciət etdi: "Həbs olunan şəxs mən deyiləm"


  • 13 Mart 2021 13:25

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş vəkil Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin təəssüf ki, bəzi kütləvi informasiya vasitələri sözügedən xəbəri yayımlayarkən yanlışlığa yol verib. Belə ki, xəbərə vəkil Emin Məmmədovun fotosunu yerləşdirərək onu Ruhid Əkbərov kimi təqdim ediblər.

E-huquq.az-a müraciət edən vəkil E.Məmmədov məsələ ilə bağlı narazılığını bildirib. O, jurnalistləri belə həssas mövzularda məsuliyyətli və diqqətli olmağa çağırıb.

"Xəbərə səhvən mənim fotomun yerləşdirilməsi çox böyük narahatlıq yaratdı. Bu, jurnalistlərin məsuliyyətsizliyinin nəticəsidir. Bayaqdan insanlara başa salmağa çalışaram ki, həbs olunan vəkil mən deyiləm. Sadəcə səhvən mənim şəklimi yerləşdiriblər. Düzdür, həmin jurnalistlər əlaqə saxlayıb üzr istədilər. Amma yenə də KİV nümayəndələrini diqqətli və məsuliyyətli olmağa çağırıram. Çünki bu cür səhvlər cəmiyyətdə anlaşılmazlıqlara səbəb olur və vəkilin nüfuzuna zərər vurur", - deyə E.Məmmədov açıqlamasında qeyd edib.

Oxşar xəbərlər