Deputat: "Vəkillər Kollegiyası Azərbaycanda peşəkar vəkillərin yetişməsi üçün əlindən gələni edir"


  • 12 Aprel 2021 10:17

"2018-ci ilə qədər məhkəmələrdə vəkillərlə bərabər nümayəndələr də çıxış edirdilər, yəni vətəndaşı təmsil edirdilər. Vəkillik institutuna lazımi qədər önəm verilmirdi. Hüquqdan biraz anlayışı olan, qanunları oxuyub özlüyündə düşünən, yəni, yetəri qədər bildiyini deyən hər bir vətəndaş etibarnamə ilə nümayəndəlik alırdı və vətəndaşı təmsil etmək hüququ var idi. 2018-ci ildə cənab Prezidentimizin sərəncamı ilə vəkillik institutuna çox böyük səlahiyyətlər verildi. Eyni zamanda bu sahəyə çox böyük qayğı və diqqət ayrıldı. Bu, çox müsbət tendesiya oldu".

Bunu e-huquq.az-a müsahibəsində deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova deyib.

O, Vəkillər Kollegiyasının bu sahədəki fəaliyyətini müsbət qiymətləndirib: "Anar Bağırov bizim çox dəyərli hüquqşünasımızdır, mənim çox hörmət etdiyim insandır. O, Azərbaycanda peşəkar vəkillərin yetişməsi üçün əlindən gələni edir. Vəkillər Kollegiyası bu işin öhdəsindən çox uğurla gəlir".

Deputat Vəkillər Kollegiyasının sədri Anar Bağırovun hüquq peşələri üzrə vahid yazılı test imtahanının keçirilməsi təklifinə də münasibət bildirib: "Bu çox müsbət bir fikirdir. Prokurorluğu deyə bilmərəm, onun spesifikası biraz başqadır. Onlar xüsusi bir qanunvericilikdir, xüsusi bir qoldur. Amma məhkəmə və vəkillik bir-biriləri ilə çox əlaqəli və uyğundur. Necə ki hakim bütün hüquq sahələrini bilməlidir, vəkillikdə də eynidir. Ona görə də ümumi test sistemi yaxşı ideyadır. Bu eyni zamanda vaxt qənaəti də yaratmış olar. Sonra da Anar müəllimin dediyi kimi, artıq hərə öz spesifikası üzrə qalan mərhələləri davam etdirə bilər".

Oxşar xəbərlər