Vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib


  • 14 Aprel 2021 16:58

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov vəkilliyə namizədləri və digər iclas iştirakçılarını Azərbaycan Ordusunun Şanlı qələbəsi münasibəti ilə təbrik edib, Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib və bildirib ki, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə Vəkillər Kollegiyası üzvlərinin sayı 1931 nəfərə çatacaq

Bununla yanaşı, iclasda namizədlərə vəkillik fəaliyyəti dövrlərində qarşılaşdıqları problemlərlə, qarşıya çıxan qeyri-prosessual münasibətlərlə əlaqədar neqativ hallar və hüquqpozmalar barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməsi tövsiyə olunub. Vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, bütün vəkillər tərəfindən bir sıra məsələlərin diqqətdə saxlanılması vurğulanıb.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər and içiblər.

Daha sonra, yeni vəkillər çıxış edib, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma və yeni vəkil bürosunun təsis olunması ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Oxşar xəbərlər