Vəkilliyə namizədlərlə onlayn icbari təlimə başlanılıb


  • 4 May 2021 12:26

May ayının 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 117 vəkilliyə namizədlə bir ayadək davam edəcək icbari təlimə başlanılıb.

E-huquq.az xəbər verir ki, təlim zamanı onların lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetiriləcək, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzular nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunacaq.

03.05.2021-ci il tarixində başlayan icbari təlimin ilk günündə namizədlərlə keçirilən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov açılış nitqi ilə çıxış edərək, vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirmiş, Ədliyyə Akademiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olması barədə namizədlərə məlumat verib və onlara uğurlar arzulayıb.

Sonra Anar Bağırov vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışıb, o cümlədən, vəkilliyə qəbulla bağlı keçirilən ixtisas imtahanlarının yazılı və şifahi mərhələsindən uğurla keçmiş namizədləri bu münasibətlə təbrik edərək, hazırki icbari təlimin vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb.

Eyni zamanda bildirilibki, təlimçilərin tərkibi əsasən peşəkar vəkillərdən komplektləşdirilmiş, namizədlər üçün təcrübi dərslərin keçirilməsi, habelə muzeylərə və digər mədəni obyektlərə səfərlərin təşkil olunması nəzərdə tutulub.

Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilmiş, mövzu ilə bağlı namizədləri maraqlandıran suallar cavablandırılıb.



Oxşar xəbərlər