Məzmuna keç

“Hüquqşünas məzunların sayına görə Azərbaycan xeyli geridə qalır”

Yaxın günlərdə Azərbaycanda vəkillərin sayı 2 min nəfəri ötəcək.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov ARB24-ün "İş vaxtı" proqramında qonaq olarkən deyib.

O bildirib ki, 3 il əvvəlki rəqəmlərlə müqayisədə bu çox ciddi göstəricidir: “Ölkəmizdə vəkilliyə maraq artmaqdadır. Hər il xeyli sayda hüquqşünas şəffaf qaydada keçirilən imtahanlarda iştirak edərək vəkilliyə qəbul olunur. Sevindirici haldır ki, bölgələrdə də vəkillərin sayı artır. 3 il öncə Azərbaycanda cəmi 39 vəkil qurumu fəaliyyət göstərirdi. Bu gün isə vəkil qurumlarının sayı 100-ü ötüb”.

A.Bağırov əvvəlki illərlə müqayisədə gənclərin vəkilliyə daha çox maraq göstərdiklərini qeyd edib: “Bizim əsas məqsədimiz odur ki, peşə müstəqilliyi təmin olunsun.Vəkillər Kollegiyası da daxil olmaqla heç kim vəkilin işinə müdaxilə edə bilməz. Hər kəs bilməlidir ki, Azərbaycan vəkilləri tam müstəqildirlər, onların işinə heç kim qarışmır. Vəkillik həm forma, həm də məzmunca yenilənib. Müxtəlif dövlət və özəl qurumlarda çalışan təcrübəli, savadlı və dünyanın aparıcı universitetlərini bitirən hüquqşünaslar vəkilliyə üz tuturlar. Əvvəlki illərdə müqayisədə müraciət edənlərin əksəriyyəti gənclərdir”.

Kollegiya sədri həmçinin bildirib ki, vəkillərin sayının daha da artmasına ehtiyac var, lakin ölkəmizdə hüquqşünasların az olması problem yaradır.

“Hüquqşünas məzunların sayına görə Azərbaycan xeyli geridə qalır. Rusiya, Ukrayna, Gürcüstanla müqayisədə ölkəmizdə hüquqşünasların sayının kifayət etməməsi müşayiət edilir. Əvvəl özəl ali təhsil müəssisələrində də hüquq fakültələri var idi. İndi isə yalnız dövlət ali təhsil müəssisələrində bu fakültələr mövcuddur. Həmin fakültələrə isə tələbə qəbulu üçün plan yerləri azdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı araşdırmalar aparılmalıdır. Çünki hüquqşünas qıtlığı hiss olunur və bu getdikcə artacaq”, – deyə A.Bağırov qeyd edib.