"Mülki işlər üzrə pulsuz hüquqi yardım Vəkillər Kollegiyasının geri qaytardığı vəsait hesabına göstərilə bilər"


  • 11 İyul 2021 14:58

Qanunvericiliyə görə, hazırda cinayət işləri ilə bağlı məhkəmə prosesinin bütün mərhələlərində şəxs dövlət hesabına vəkillə təmin edilir. Eləcə də o, öz istəyinə uyğun ödənişlə vəkil tuta bilir. Mülki məhkəmə proseslərində isə yalnız Ali Məhkəməyə kassasiya şikayəti verildikdə şəxsə dövlət hesabına vəkil təqdim edilir. Burada isə uyğunsuzluq əmələ gəlir.

E-huquq.az-ın xəbərinə görə, millət vəkili Bəhruz Məhərrəmov Xəzər TV-yə açıqlamasında bildirib ki, bu balanssızlığı aradan qaldırmaq üçün birinci və ikinci instansiya məhkəmələrində də vətəndaşın dövlət hesabına vəkillə təmin olunması təklif edilir: "Ali Məhkəmə sırf hüquqi məsələlər istiqamətindən prosesə yanaşır. Birinci instansiya və apelyasiya məhkəmələrində isə faktlar araşdırıldığı üçün burada peşəkar hüquqi araşdırmaya ehtiyac var. Yəni, vətəndaş peşəkar hüquqi yardımın olmaması ucbatından işin gedişində xeyli geri düşür və haqlı olduğu mübahisədə uduzur".

B. Məhərrəmov deyib ki, sözügedən instansiyalarda vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi üçün büdcənin yüklənməsinə də ehtiyac yoxdur: "Çünki hər il vəkilliyin inkişafı üçün xeyli vəsait ayrılır və ilin sonunda Vəkillər Kollegiyası bu vəsaitin böyük hissəsini geri qaytarır. Bu vəsaiti geri qaytarmamaqla, vətəndaşların pulsuz hüquqi yardımını həyata keçirmək olar. Pulsuz hüquqi yardımın aztəminatlı ailələrə göstərilməsi nəzərdə tutulur. Artıq pulsuz hüquqi yardım haqqında qanun layihəsi də hazırlanıb. Layihənin gələn ilin yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir".

Oxşar xəbərlər