"Baş vermiş hadisənin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qabardılmasını istəmirəm".
Bunu e-huquq.az-a açıqlamasında polis tərəfindən zorakılığa məruz qaldığını iddia edən vəkil Coşqun İsgəndərov deyib.
O, məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların davam etdiyini bildirib.
"Bildirmək istəyirəm ki, həm prokurorluqda, həm də Daxili İşlər Nazirliyində araşdırmalar gedir. Baş vermiş hadisə ilə bağlı prokurorluqda ifadə vermişəm. Daxili İşlər Nazirliyinin Tədqiqatlar İdarəsində də məndən izahat alınıb. Araşdırmaların gedişatından heç bir narazılğım yoxdur. Hesab edirəm ki, mənə qarşı baş verən qanunsuzluqla bağlı hüquq-mühafizə orqanları ədalətli və obyektiv qərar qəbul edəcək. Məsələyə hüquqi qiymət verilmədən adımın kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə çox hallanmasını istəmirəm. Odur ki, hər kəsdən məsələyə həssas yanaşmaqlarını xahiş edirəm", – deyə vəkil qeyd edib.
C. İsgəndərov hadisə ilə bağlı verilən operativ reaksiyaya görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edib.
Xatırladaq ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi haqda məlumatlar yayılıb. Məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Daha sonra Şirvan Şəhər Prokurorluğu və Daxili İşlər Nazirliyi məlumat yayaraq hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
Xəyalə Bünyatova
