"Gənc hüquqşünaslar arasında vəkilliyə böyük maraq var"


  • 2 Oktyabr 2021 13:19

"Son illər Azərbaycanda vəkilliyin nüfuzunun artması bu sahəyə olan marağı artırıb. Xüsusən də gənc hüquqşünaslar arasında vəkilliyə böyük maraq var"

Bunu e-huquq.az-a açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov deyib.

O bildirib ki, Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı bu gün keçirilən yazılı test imtahanında gənclər üstünlük təşkil edir: "Yaş kateqoriyası baxımından 40 yaşadək olan namizədlər ümumi namizədlərin 70%-ni təşkil edir. Vəkil olmaq istəyən ən gənc namizəd isə 24 yaşındadır".

A.Axundov qeyd edib ki, vəkillik sahəsində aparılan islahatlar ölkəmizdə vəkillərin sayının artmasına ciddi təsir göstərib: ""Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub. 2018-ci ildən indiyədək 7 dəfə yazılı test imtahanı keçirilib və nəticədə vəkillərin sayı 938 nəfərdən 2016 nəfərədək artıb. Artım eyni zamanda regionlarda vəkillərin sayında da özünü göstərir. Bu çox müsbət haldır. Çünki vəkillərin sayının çox olması vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinə də müsbət təsir göstərir".

Sədr müavini bildirib ki, vəkillik sahəsindəki inkişaf Anar Bağırovun rəhbərliyi altında həyata keçirilən tədbirlərin nəticəsidir: "Bu gün Anar Bağırov vəkilliyin nüfuzunun artırılması üçün çox böyük işlər görür. Bu tədbirlər təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də Azərbaycan vəkilliyinin nüfuzunun artmasına xidmət edir. Bir çox ölkələrlə, beynəlxalq təşkilatlarla qurulan əlaqələr, iştirak etdiyimiz beynəlxalq tədbirlər də bu istiqamətdə öz töhfəsini verməkdədir".

Xəyalə Bünyatova

Oxşar xəbərlər