Anar Bağırov Azərbaycan vəkilliyi barədə beynəlxalq konfrans iştirakçılarına məlumat verdi


  • 13 Oktyabr 2021 10:21

"Azərbaycan və Rusiya vəkilləri arasında dostluq və qardaşlıq münasibətləri yaranıb".

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Moskva şəhərində Rusiya Federal Vəkillər Palatasının təşkilatçılığı ilə keçirilən "Vəkillik, dövlət və cəmiyyət" mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edərkən deyib.

A. Bağırov bildirib ki, son illərdə Azərbaycan Vəkillər Kollegiyası Rusiya Federasiyası Vəkillər Federal Palatası ilə fəal şəkildə əməkdaşlıq edir.

O xatırladıb ki, 28 dekabr 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. A. Bağırov qeyd edib ki, son üç il ərzində vəkillərin sayı 2,5 dəfə artıb, vəkillik xeyli gəncləşib və vəkil bürolarının sayı 3,5 dəfə artıb: "Azərbaycanda bu peşəyə qəbul olmaq üçün ciddi seçimdən keçmək lazımdır. Birinci mərhələdə test imtahanı verilir. İkinci mərhələ şifahi imtahan - müsahibədir. Daha sonra namizədlərə məcburi hazırlıq kursları keçirilir, bundan sonra and içir və peşəyə qəbul olunurlar".

A. Bağırov dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitdən də danışıb: "Bu proses tamamilə Azərbaycan Vəkillər Kollegiyası tərəfindən həyata keçirilir. Hər il ölkə büdcəsində bu xərclərin məbləği göstərilir. Eyni zamanda Azərbaycanda Türkiyənin vəkillik təcrübəsi tətbiq olunur. Xüsusilə hər bir vəkil orderinə bütün qoruyucu xüsusiyyətləri olan xüsusi marka yapışdırılması nəzərdə tutulur. Vəkillər Kollegiyasına hər bir marka üçün unikal nömrə verilir. Vəkilin bağladığı hər bir müqavilədən vəsait Vəkillər Kollegiyasının ayrı bir hesabına köçürülür. Bu vəsaitlər regional ofislərdə vəkillərin iş şəraitinin yaxşılaşdırılması, binaların təmiri və başqa işlər üçün xərclənir. Beləliklə, vəkil peşəsinin maliyyə müstəqilliyi təmin edilir".

Anar Bağırov eyni zamanda vəkilliyin rəqəmsallaşdırılması sahəsində yeniliklər barədə məlumat verib: "Vəkillər "Elektron məhkəmə" informasiya sistemini fəal şəkildə tətbiq edirlər. Yaxın hədəflər arasında vəkillərin "Elektron hökumət" sisteminə inteqrasiyası, "Elektron məhkəmə" sisteminə tam inteqrasiya üçün elektron sorğuların tətbiqi də yer alır. Vəkillər və vətəndaşlar üçün mobil proqram tətbiqi yaradılmışdır ki, hər bir vətəndaş elektron qaydada müəyyən haqq müqabilində hüquqi yardım alsın. Ancaq qeyd etməliyəm ki, Azərbaycanda bəzi kateqoriyaya aid vətəndaşlar ödənişsiz hüquqi yardım alırlar".

A. Bağırov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Rusiya Federasiyasının Vəkillər Federal Palatası arasında qarşılıqlı əməkdaşlıq 2018-ci ildə başlayıb, lakin qısa müddətdə xeyli nəticələr əldə edilib.

Sonda Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qəbul olunmuş Rusiya Federasiyası Federal Vəkillər Palatasının prezidenti Yuriy Pilipenkoya ölkələrimizin və bütövlükdə MDB ölkələrinin vəkilləri arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə "Azərbaycan Respublikasının fəxri vəkili" adı verilməsi barədə məlumat verib.

Oxşar xəbərlər