"Cəmiyyətimizdə "vəkil cinayətkarı müdafiə etdiyi üçün günahkardır" kimi yanlış təsəvvür var"


  • 17 Oktyabr 2021 17:30

"Zaqatalada fəaliyyət göstərən vəkil Azər İsmayılovun avtomobilinin yandırılması və bunun qəsdən törədilməsinə dair versiyaların səslənməsi məndə ciddi narahatlıq doğurdu. Məsələni Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırovla geniş müzakirə etdik. Kollegiya sədri tərəfindən dərhal məsələyə reaksiya verilib, aidiyyatı strukturlarla kifayət qədər ciddi kommunikasiya qurulub, problem DİN rəhbərliyinin nəzarətindədir və hörmətli nazir Vilayət Eyvazovun bu kimi məsələlərdə həssaslığına özüm şəxsən bələdəm".

Bunu e-huquq.az-a açqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov deyib.

Deputat baş verən hadisə ilə bağlı vəkil Azər İsmayılovla da əlaqə saxladığını bildirib: "Vəkil bu insidentin icraatında olan bir işlə əlaqədar törədilməsinə dair əsaslı şübhələrə malikdir. Əlbəttə, bu versiyanın mümkünlüyü və həqiqiliyi barədə qərarı aidiyyatı orqanlar verəcək. Lakin bir reallıq var ki, bəzən bizim cəmiyyətdə müdafiəçi və vəkilin hüquq-müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməsi amili ikinci plana keçir. Vəkil müdafiə etdiyi şübhəli yaxud təqsirləndirilən şəxslə və ya işin xarakteri ilə eyniləşdirilir. Yəni "müdafiə etdiyi cinayətkardırsa, vəkil də cinayətkarı müdafiə etdiyi üçün günahkardır" kimi yalnış bir təsəvvür hələ də mövcuddur. Baxmayaraq ki, qanunvericilik açıq formada yazır ki, müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.

Keçmiş vəkil, habelə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, o cümlədən İnsan hüquqları komitələrinin üzvü kimi dövlətimizin insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təminatı sahəsində maraqlarına zidd olan bu hadisənin obyektiv araşdırılacağına, cinayət faktı təsdiqlənərsə, bu cinayətin tezliklə açılması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırlması, ehtimal özünü doğruldarsa, bu cinayəti törətmiş şəxs və ya şəxslərin ifşa və cinayət məsuliyyətinə cəlb ediləcəyinə ümid edir və inanıram".

B. Məhərrəmov qeyd edib ki, bəzən bu kimi hallara vəkillik fəaliyyəti ilə bağlı qanunvericilikdə ciddi boşluqların mövcudluğu da rəvac verir.

"Məhz bu boşluqdan mümkün sui-istifadə hallarının qarşısını almaq üçün yaxın zamanlarda Milli Məclisə vəkillərin peşə fəaliyyətinin daha təhlükəsiz həyata keçirmələrini hədəfləyən qanun layihəsini təqdim etməyi planlaşdırıram", - deyə millət vəkili vurğulayıb.

Oxşar xəbərlər