Baş Prokurorluğun müraciəti əsasında təltif olunan vəkillərdən AÇIQLAMA


  • 21 Oktyabr 2021 13:20

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu Vəkillər Kollegiyasına vəkillər - Sevda Məhərrəmova və Rövşanə Rəhimlinin xüsusilə ağır cinayətin aşkar olunması, cinayətkarın ifşa olunması istiqamətində fəallıq göstərməklə hüquq-müdafiə fəaliyyətini yüksək peşəkarlıqla icra etdiyinə görə təltif olunması ilə bağlı müraciət edib. Hər iki vəkil VK Rəyasət Heyətinin qərarı ilə fəxri fərmanla təltif olunub.

E-huquq.az prokurorluq tərəfindən vəkilin təltif edilməsi ilə bağlı müraciətin ilk dəfə baş verdiyini və böyük marağa səbəb olduğunu nəzərə alaraq, həmin vəkillərin təəssüratını öyrənib.

Vəkil Sevda Məhərrəmova bu müraciətin gözlənilməz olduğunu deyib: "Əməyimin belə yüksək qiymətləndirilməsinə görə bir vəkil kimi qürur duyuram. Fəaliyyətimə göstərilən diqqətə görə həm Vəkillər Kollegiyasının rəhbərliyinə, həm də Baş Prokurorluğa təşəkkür edirəm. Qeyd edilən icraat işi özü ağır iş idi. Bu barədə detallara toxunmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 10 maddəsi üzrə ittiham aktı tərtib olundu və məhkəməyə verildi. Prokurorluq orqanlarının əməkdaşlarına təşəkkür edirəm ki, cinayətkarın tapılmasında çox operativ iştirak etdilər. Eyni zamanda Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, İstintaq idarəsinin rəhbərliyi və əməkdaşları çox operativ işlədilər".

Vəkil Rövşanə Rəhimli isə e-huquq.az-a açıqlamasında Baş Prokurorluğun bu müraciətini hər iki tərəfin uğuru adlandırıb: "Vəkil həmkarım Sevda Məhərrəmova ilə birlikdə bizə sosial şəbəkə vasitəsi ilə müraciət edən bir qadının illər boyu zorakılığa məruz qalması faktının üzə çıxması ilə bağlı əlimizdən gələni etdik. Baş Prokurorluğun nəzarəti ilə bu iş öz həllini tapdı. Bunun üçün prokurorluq əməkdaşlarına təşəkkür edirəm. Bəzən polis orqanlarında vəkillərə qarşı mənfi münasibətlə qarşılaşırıq. Lakin ilk dəfə prokurorluq tərəfindən belə bir addım atılması təbii ki, çox müsbət bir haldır. Əslində bunu həm vəkilliyin, həm də prokurorluğun uğuru hesab etmək olar".

Oxşar xəbərlər