Anar Bağırov: "HELP platformasından istifadə edən vəkillərin sayı kifayət qədər artıb"


  • 22 Oktyabr 2021 19:58

Bu gün Vəkillər Kollegiyası və Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində HELP üzrə (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) vəkillər və hakimlər üçün “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinə giriş”mövzusunda baş tutacaq təlimlərlə bağlı onlayn görüş və təqdimat keçirilib.

E-huquq.az-ın məlumatına görə, açılış nitqi ilə çıxış edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov bu təlimlərin mahiyyətini vurğulamış təlim iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilk öncə tədbirin təşkilatçılarına və tədbirdə milli tyutor kimi iştirak edən ekspertlərə təşəkkür etmiş və son illər ərzində Vəkillər Kollegiyasının HELP proqramına verdiyi töfhələrdən bəhs edib. Belə ki, son 5 ilin statistik göstəriciləri nəzərdən keçirdikdə görmək olar ki, HELP platformasından istifadə edən vəkillərin sayı kifayət qədər artıb. Eyni zamanda HELP proqramının təlimçilərinin böyük bir qismi Vəkillər Kollegiyasının üzvləridir və bu da çox alqışa layiq, ürəkaçan haldır. Çünki vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində əsas yerlərdən birini tutur.

Eyni zamanda açılış nitqi ilə çıxış edən Avropa Şurasının Bakı Ofisi rəhbəri Zoltan Hernyes və Avropa Şurasının Məhkəmə və İnsan Hüquqları üzrə Təlim Şöbəsinin rəhbəri Eva Pastrana təlim iştirakçılarına uğurlar arzulamış, bu kimi təlimlər nəticəsində vəkillərin və hakimlərin insan hüquqları üzrə tədrisin müasir metodlarına yiyələnmələrinin əhəmiyyəti vurğulanmışlar. O cümlədən, onlar vəkilliyə və hakimliyə namizədlərə Konvensiya, onun protokolları və Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ barədə müvafiq mövzuların tədris olunmasını qeyd etmişlər.

Sonra Azərbaycan hüquq sistemində Avropa İnsan Hüquqları Konvensiyası, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Xorvatiya kontekstində icrası mövzusunda Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının İcrası Şöbəsinin hüquqşünası Musa Həsənov çıxış etmişdir. Musa Həsənovun təqdimatından sonra, Avropa Şurasının HELP Şöbəsi müdirinin müavini Ana Medarska-Lazova “Avropa Şurasının HELP Proqramına qısa baxış” mövzusunda və Avropa Şurası Əməkdaşlıq Bölməsininə əməkdaşı Mahir Müşteyidzadə isə “Azərbaycanda əvvəlki HELP kursları üzrə fəaliyyətlər” mövzusunda təqdimatla tədbir iştirakçılarının qarşısında çıxış etmişdir.

Daha sonra HELP proqramı üzrə təlimçilər Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov və Vəkillər Kollegiyasının üzvü Elnur Həsənov “Avropa İnsan Hüquqları Konvensiyasına giriş” və “Avropa İnsan Hüquqları Konvensiyasının milli qanunvericilikdə tətbiqi” mövzularında keçiriləcək təlimlərlə bağlı ilkin məlumatlar vermişdirlər.

Qeyd edək ki, təlimlərdə 25 vəkil və 15 hakim iştirak edəcək və kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaq.

Oxşar xəbərlər