Vəkil – vicdan deməkdir! - Paşa Səfərov yazır...


  • 25 Oktyabr 2021 10:07

Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov "VƏKİL – VİCDAN DEMƏKDİR!" adlı məqalə yazıb.

Xüsusi olaraq, e-huquq.az üçün hazırlanan məqaləni təqdim edirik:

“Özünü həmişə ləyaqətli aparan insan heç vaxt vicdan əzabı çəkməz” - Əbül Fərəc

Adət-ənənənin formalaşmasında mənəvi dünyanın rolu çox böyükdür, o qədər böyük ki, insan öz daxili dünyasının zəruri hesab etdiyi qaydalarını başqalarına çatdırmaq üçün qaydalar müəyyən edir. Bu qaydalar zaman-zaman insanlar tərəfindən təhlil edilir, cəmiyyətin və hüququn inkişafı nəticəsində müzakirəyə çıxarılır və nəticədə qaydaların rəsmiləşdirilməsi prosesi gedir ki, sonda yazılı qanunlar meydana gəlir. Günümüzdə hansısa bir hüquqi münasibətin mövcudluğu şifahi, dini və hüquqi (qanuni) mənbələrdən keçməklə təşəkkül tapmışdır. Lakin bu təşəkkül tapma heç də asan bir mərhələ yolu keçməmişdir və elə sahələr mövcuddur ki, burada təşəkkülün hələ də müzakirə və inkişafa meyilli olması qaçılmazdır, vəkillik də bu sahələrdən biridir. Bəşər tarixində hüquq münasibətləri baxımından ən çox təzyiqə və basqıya məruz qalan hüquq sahələrindən biri vəkillikdir. Maraqlı hal ondan ibarətdir ki, vəkillik, bu peşənin subyekti olan şəxsin şəxsi keyfiyyətlərinə görə daha çox müzakirə mövzusuna çevrilməkdədir.

Görəsən, cəmiyyətin yüz illərlə bu peşəyə birmənalı baxa bilməməsinin başlıca səbəbi nədir ki, bu gün biz hər zaman vəkilliklə bağlı tənqidi mövqenin şahidi oluruq. Əslində tənqid inkişafa hesablanmış və müsbət qiymətləndirilən bir mövqedir. Lakin bu tənqidin peşə subyektinin şəxsi keyfiyyətlərinə görə vəkillik peşəsinə doğru istiqamətləndirilməsi qəbuledilən deyil, ən azından hüquqi cəhətdən. Yəni vəkilin şəxsi keyfiyyətləri vəkillik peşəsini tənqid etməyə əsas verə bilməz. Burada mövcud incə nüans ondan ibarətdir ki, məhz vəkilin şəxsi keyfiyyətinin nədən ibarət olmasından asılı olmayaraq onun nəinki bir vəkil, hətta bir insan kimi formalaşmasında vəkilliyin rolu olmalıdır. Bu rolun öhdəsindən vəkilliyin kifayət qədər gələ bilməməsi, onun tənqidə tuş gəlməsi üçün əsas deyildir. Vəkilliyin öz inkişafına yönəlmiş diqqətini başqa istiqamətə - vəkilin şəxsi keyfiyyətlərini yüksəltməyə yönəltməsinin fonunda əlavə yüklənməsi və bunun nəticəsində inkişafın zəif sürətlə getməsi fonunda başqa çətinliklərin də meydana çıxması qaçılmazdır. Ona görə də vəkilin şəxsi keyfiyyətləri vəkilliyin inkişafı baxımından yüksək önəm kəsb edir və burada vəkillikdən daha çox məsuliyyət vəkilin öz üzərinə düşür. Çünki insan özünün şəxsi keyfiyyətlərini yüksəltməsində maraqlı olmalıdır, olmasa onun şəxsi keyfiyyətlərinin yüksəlməsinə hər hansı bir peşə yardımçı ola bilməyəcək, o cümlədən vəkillik də.
Tarixə nəzər yetirəndə müəyyən olunur ki, bir peşə kimi vəkilliyin təzyiqə məruz qalmasında başlıca rol vəkillərin şəxsi keyfiyyətləri olmuşdur. Buna görə də əksər tanınmış insanlar fonunda ümumi olaraq vəkilliyi tənqid edirlər. Məsələn, maraqlı bir fakt - Böyük Fransa İnqilabı zamanı, 2 sentyabr 1790-ci ildə “Xüsusi vəkillik təbəqəsinin ləğv edilməsi haqqında” Dekret qəbul olunmuşdur. Dekretlə, bütün vətəndaşlara məhkəmələrdə vəkil (müdafiəçi) qismində çıxış etmək hüququ verilmişdir. Əslində müvəqqəti hökümətin belə bir Dekret qəbul etməsi vətəndaşların hüquqi müdafiə üçün qarşılaşdıqları çətinliyi aradan qaldırılması üçün atılan bir addım idi. Burada çətinlik vəkil xidmətinin baha olması və vəkillərin kasıb insanlara hüquqi yardımdan imtina etmələri göstərilirdi.

Dekret 20 il qüvvədə qaldı və I Napoleon 14 dekabr 1810-cu il tarixli Dekreti imzalamaqla 2 sentyabr 1790-ci il tarixli Dekret qüvvədən düşdü. Baxmayaraq ki, I Napoleon belə bir Dekret imzalamışdı, amma o, bu Dekretin tamamilə əleyhinə idi. Məhz Dekret hazırlanarkən o demişdi: “Vəkillər – qiyamçıdır, cinayətdə və xəyanətdə ustadırlar. Nə qədər ki, qılınc əlimdədir, mən heç vaxt belə bir Dekret imzalamayacağam. Mən istərdim elə bir imkan olsun ki, o vəkilin dilini kəssin ki, o, hökümətin əleyhinə danışmış olsun”. Nəticədə I Napoleon Dekreti imzaladı və insanların bir-birini müdafiə etmək hüququnu əllərindən alaraq yenidən bu hüququ vəkillərə bağışladı, istəməsə belə. Maraqlı hal ondan ibarətdir ki, ölümündən 194 il sonra, 21 may 2015-ci ildə Napoleon taxtdan imtina edərək Müqəddəs Yelena adasına sürgün edilməsinin 200 illiyi ilə bağlı Fransa Debat Federasiyasında baş tutacaq qeyri-adi məhkəmə prosesi keçirilməsi nəzərdə tutulmuşdur. İctimai təşkilat nümayəndələri bildirmişdilər ki, Napoleon 1815-ci ldə məcburən taxtdan imtina edib və taxta olan hüquqlarını açıq məhkəmə prosesində müdafiə edə bilməyib.

Bu tarixi hadisə onu sübut etdi ki, hər bir şəxsin nə zamansa vəkilə ehtiyacı ola bilər və buna görə bir insanın şəxsi keyfiyyətlərinə görə bir peşəni ittiham etmək ağılsızlıqdır. Vəkilə tənqidi yanaşma öncəliklə şəxsi maraqlardan yaranır, yəni davranış burada mühüm rola malikdir. Tarixə nəzər yetirsək vəkilin davranışı ilə bağlı hər hansı bir qayda məcmusu tapmaqda çətinlik çəkərik. Lakin zaman-zaman vəkilin davranışı ilə bağlı qaydalar hazırlanmağa başlandı, baxmayaraq ki, bu qaydalar müəyyən nəzarət çərçivəsində vəkillərin şəxsi keyfiyyətlərinin inkişafına deyil, onun müsbət şəxsi keyfiyyətlərə cavab verməsini önə çəkirdi, yəni “sən vəkilsən və sən yalan danışa bilməzsən!” Ümumi anlamda bu qaydaların mövcudluğundan istər öncə, istərsə də sonra başlıca məsələ vicdandır və onun mövcudluğu timsalında insan dayanmalıdır, o insan ki, peşəsinə görə vəkildir.

“Vicdan” sözünə anlayış vermək mürəkkəb bir mexanizmdir. Bu mürəkkəblik ondan ibarətdir ki, bu anlayış daha çox dini baxışlarda və əxlaqi dəyərlərdə öz sözünü deməyi bacarıb. Məhz bu səbəbdən qanunların da termin kimi qəbul etdiyi bu anlayış özündə konkretliyi qəbul etməyərək hər bir insanın şüur səviyyəsində dərk edə bilməsinə hesablanıb. Bütün bunlara baxmayaraq vicdan termini ilə bağlı kifayət qədər anlayışlar mövcuddur və hətta bunlar arasında xüsusi çəkisi ilə seçilən mövqelər də qarşımızdadır. Məsələn, Balzaka görə “vicdan” hakimdir, Buasta görə, vicdan şöhrətdən üstün bir şey, Vinjiyə görə, vicdan mərdlik, Höteyə görə, vicdan malik olduğu hüquqlardan məhrum edilməyən bir şey, Lamartinə görə, vicdan qanunlar qanunu, Siserona görə, vicdan insanın yaraşığı, Şopenhauerə görə vicdan daxili ləyaqət deməkdir.

Ümumi anlamda vicdan ərəb mənşəli bir sözdür və “tapmaq, zənginləşmək, sevmək, üzülmək” mənalarında özünü tapır. Bu tapıntı özlüyündə daha geniş anlamda həzm olunaraq işlədilən hər bir söz istiqamətində böyük bir əhatə dairəsinə malikdir. Adicə “sevmək” anlamında işlədilən vicdan terminin sevmək mahiyyətini ətrafa çatımlılığını öz dəsti-xətti ilə çatdırmağın özü qədər çətinliyi mövcuddur.
Sadə və anlaşılan şəkildə çatdırmanı özümüzə borc bilərək vicdan terminini belə izah edirik – vicdan insan şüurunun gəldiyi, yaxud gələcəyi nəticəyə daxili inamla təsir edəcək bir mexanizmdir. Yəni vicdan insanın edəcəyi hərəkətin doğru-düzgün olmasını ürək-şüur konteksində, daha çox çəkişməsində hakim rolunu oynayan bir fiqurdur.

Vəkillik peşəsini həyata keçirən şəxsin vicdanlı olması məsələsinə gəlincə, unutmaq olmaz ki, hər bir vəkil, öncəliklə bir insandır və hər bir insanın vicdanlı olması yaxşı mənada tövsiyyə və təqdirəlayiq bir haldır. Eyni zamanda hər bir insanın vicdanlı olmaması halında onun digər insanlar tərəfindən qəbul edilməsində mövcud çətinlik eyni zamanda başa düşülən olmalıdır və fərdi baxımından şəxsin vicdanlı olması onun subyektiv bir hüququdur və bu hüquqa kənar təsirin mövcudluğu qəbul edilən deyil. Lakin vəkil bir insanla yanaşı bir peşə daşıyıcısıdır və bu peşə daşıyıcısının üzərinə hüquqi baxımdan vicdanlı olmaq kimi bir nəzarət mexanizmi qoyulub və artıq vicdanlı olub-olmamaq kimi vəkilin bir seçimi yoxdur, o, peşəsinə münasibətdə birmənalı şəkildə vicdanlı olmalıdır. 1999-cu ildə qəbul edilmiş dövrü üçün aktual, lakin hazırkı zaman üçün kasad olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda vicdan termini bir dəfə işlədilir və bu bir dəfə işlədilmə bütün vəkillik fəaliyyətini əhatə edir. Belə ki, Qanunun 14-cü maddəsinin I hissəsinə görə:

“Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Göründüyü kimi, vəkil artıq peşə fəaliyyəti ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmək üçün vicdanlı olmalıdır. Vicdanlı olmaq konkret şəxsə aid davranış hərəkəti olduğundan ona görə də qanundan fərqli olaraq bu məsələnin davranış qaydaları haqqında mövcud qaydalarda öz əksini ətraflı tapması daha məqsədəmüvafiqdir.

Buna görə də Qanundan fərqli olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 07.12.2017-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin preambulasında göstərilmişdir ki, ...Vəkil yalnız qanunun yol verdiyi həddə ona həvalə olunmuş tapşırıqları vicdanla yerinə yetirmir, həmçinin ədalət mühakiməsinin maraqlarına xidmət etməklə həm ona etimad göstərən şəxslərin hüquq və azadlıqlarını müdafiə edir, həm də ona müraciət edən şəxslərin məsləhətçisinə çevrilir.

Əsasnamə Qanundan daha da irəli gedərək vəkilin üzərinə vicdanlı olmaqla yanaşı həmçinin ədalət mühakiməsinin maraqlarına xidmət etmək öhdəliyi də qoymuşdur. “Ədalət mühakiməsinin maraqlarına xidmət etmək” termini ilkin anlamda mübahisəli görünə bilər, amma burada mübahisədən söhbət gedə bilməz, çünki vəkilin ədalət mühakiməsinin maraqlarına xidmət etməsi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə məhdudlaşır. Maraqlı hal ondan ibarətdir ki, Əsasnamə vicdan termininə dolayısı ilə anlayış verərək bunu vicdanlı davranış adı altında diqqətə çatdırır. Belə ki, Əsasnamənin 2.2-ci bəndinə əsasən, vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz.

Vəkilin vicdanlı olması ilə bağlı müddəalara bəzi beynəlxalq mənbələrdə də rast gəlmək mümkündür. Məsələn, Avropa Hakimləri Məşvərət Şurası tərəfindən 13–15 noyabr 2013-cü il tarixində qəbul olunan Avropa Vəkillər və Hüquq Cəmiyyətləri Şurasının vəkillər və hakimlərlə bağlı 16 saylı rəyində (2013) deyilir ki, “vəkil məhkəməyə qarşı hörmət və nəzakət göstərməli, müdafiə etdikləri şəxslərin maraqlarını öz maraqlarından kənar ya ona, ya da digər şəxsə qarşı yaranacaq nəticələrindən asılı olmadan qorxusuzca və vicdanla müdafiə etməlidirlər. Vəkil bilərəkdən məhkəməyə yalnış və təhrif olunmuş məlumat verməməlidir”. Avropa Vəkilləri Davranış Qaydaları 28 oktyabr 1988-ci ildə Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası (AVLHCŞ) Plenar İclası tərəfindən qəbul edilmiş Ümumi Prinsiplər 2.2-ci bəndinə əsasən, ...vəkillər üçün peşə öhdəlikləri kimi tanınan vicdanlı davranış və dürüstlüyə yönəldilməlidir.

Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi vurğulayır ki, vəkillər ədalət mühakiməsi ilə bağlı ictimaiyyətə müəyyən hədləri keçməmək şərti ilə tənqidi şərhlər verə bilərlər. Bu şərhlər ədalət mühakiməsinin şərəf, ləyaqət, toxunulmazlıq və vicdanlılıq prinsiplərinə əsaslanmalıdır 184. (184 AİHM, Morice Fransaya qarşı, Ərizə nömrə 29369/10, 23 aprel 2015, bəndlər 132–139.)
Nəticə etibarı ilə hər bir vəkilin peşə daşıyıcısı olmasından öncə bir insan kimi şəxsi keyfiyyətlərinin qənaətbəxş olması zəruridir. Çünki şəxsi keyfiyyətləri qənaətbəxş olan vəkil istər-istəməz vəkillik institutuna doğru müsbət diqqət çəkəcək, fikir yönəldəcək. Vicdanlı olmaq isə insanın şəxsi keyfiyyətlərini yüksəldən əsas amillərdən biridir. Hər bir vəkilin insan kimi vicdanlı olması onun şəxsi seçimidir, amma vəkil kimi vicdanlı olmağı hüququn tələbidir. Buna görə də şəxsin vəkil adını qazanması artıq onun peşəsinə görə vicdanlı şəxs kimi tanınması anlamına gəlir. Odur ki, vəkil – vicdan deməkdir!

Oxşar xəbərlər