Xristos Cakoumopoulos Vəkillər Kollegiyasında olub


  • 28 Oktyabr 2021 22:18

Bu gün ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakoumopoulosun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşmüşdür.

E-huquq.az-ın məlumatına görə, görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlamış, son dövrlər Avropa Şurası ilə Kollegiya arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, faydalı və qarşılıqlı fəaliyyətdən, əlaqələrin daim inkişaf etdirildiyindən və bunun Kollegiya üçün əhəmiyyətindən bəhs etmişdir. Daha sonra, A.Bağırov 2017-ci ilin dekabrında seçilən hazırki Rəyasət Heyəti tərəfindən son illərdə görülən işlərlə qonaqların daha ətraflı tanış olması üçün onları hazırlanmış təqdimatı izləməyə dəvət etmişdir.

Belə ki, geniş təqdimat ilə çıxış edən Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov son 4 ildə müxtəlif istiqamətlərdə köklü şəkildə görülən işlər barədə məlumat vermiş, qısa zaman içində uzaq şərqdən Amerikaya qədər Kollegiyanın beynəlxalq əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən danışmış və əldə olunmuş beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətiki rolundan nümunələr gətirmişdir.

Bundan başqa, B.Orucov vəkillik sahəsində innovasiyaların tətbiqindən, elektron xidmətlərdən, o cümlədən vəkil fəaliyyəti ilə bağlı bir çox qanunlara, həmçinin prosessual məcəllələrə və digər qanunvericilik aktlarına əlavə və dəyişiklərdən bəhs etmişdir.

Eyni zamanda B.Orucov ölkədə vəkillərin sayının dəfələrlə artmasını, əldə olunan razılığa əsasən vəkillərimizin İngiltərə və Uelsdə vəkilliyə qəbul oluna bildiyini, gənclərə, tələbələrə maddi və akademik dəstəyi, yerli və beynəlxalq layihələri qonaqların diqqətinə çatdırmışdır.

Digər tərəfdən B.Orucov son illərdə 25 000 aztəminatlı vətəndaşa göstərilən pulsuz hüquq yardım, sosial və idman sahələrində tez-tez təşkil edilən aksiyalar və müsabiqələrdən də söz açmışdır.

Daha sonra X.Cakoumopoulos çıxış edərək ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, başçılıq etdiyi nümayəndə heyətini təqdim edərək görüşün məqsədi barədə məlumat vermişdir. Sonra, Vəkillər Kollegiyası tərəfindən son illərdə görülən işləri müsbət qiymətləndirən cənab Cakoumopoulos Vəkillər Kollegiyasının insan hüquq və azadlıqlarının qorunmasındakı yerinin müstəsna əhəmiyyətini vurğulamış, hər iki qurum arasında gələcəkdə də əlaqələrin genişləndirilməsi barədə müsbət fikirlərini bölüşmüş, Avropa Məhkəməsi qərarlarının icrası, presedent hüququnun milli məhkəmələrdə tətbiqi, bununla əlaqədar yaranan məsələlər barədə faydalı fikir mübadiləsi aparılmışdır.

O cümlədən Kollegiya sədri A.Bağırov X.Cakoumopoulos və nümayəndə heyəti tərəfindən ünvanlanan sualları cavablamışdır.

Görüşdə həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes, İHAM qərarlarının icrası departamentinin müdiri Kler Ovi, sektorunun müdiri Yasemin Çağ, əməkdaşları Kamran İsayev və Mahir Müşteidzadə də iştirak etmişlər.

Görüşün sonunda xatirə fotosu çəkilmişdir.















Oxşar xəbərlər