Məzmuna keç

Anar Bağırov: “”Davamlı tədris üzrə” elektron platforma yaxın zamanda vəkillərin istifadəsinə veriləcək”

"Vəkil sorğularının elektron formada əldə olunması üzrə Ədliyyə Nazirliyi ilə işlər davam etdirilməkdədir. “Davamlı tədris üzrə” elektron platforma isə yaxın zamanda vəkillərin istifadəsinə təqdim olunacaq".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Vəkillərin "Elektron məhkəmə" informasiya sistemindən səmərəli istifadəsi" mövzusunda keçirilən konfransda deyib.

O, vəkillikdə innovasiyaların tətbiqi – elektron xidmətlər barədə tədbir iştirakçılarına məlumat verib. Sədr bildirib ki, vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün Vəkillər Kollegiyasının veb-saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb: "Həmçinin hər bir vəkil üçün elektron kabinet istifadəyə verilib, Kollegiyanın rəsmi sənədləri və vəkillərə aid sənədlər həmin bölmədə yerləşdirilib. 2020-ci ildə pandemiya səbəbilə karantin rejimi nəzərə alınmaqla, "LegalAid" elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilib".

A. Bağırov eyni zamanda qeyd edib ki, artıq ödənişsiz hüquqi yardımlar – Pro Bono-lar ənənəvi qayda ilə yanaşı həmçinin onlayn qaydada da aparılır: "Həmçinin Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatı daxilində sənəd mübadiləsinin elektronlaşdırılıb".

Onun sözlərinə görə, ötən dövrdə vəkilliyə qəbulla bağlı sənəd qəbulu elektronlaşdırılıb: "Belə ki, ixtisas imtahanının yazılı test mərhələsinə sənədlər ənənəvi qayda ilə yanaşı onlayn qaydada da qəbul edilir. Eyni zamanda dövlət hesabına göstərilən hüquqi yardımlarla bağlı qərarlar məhkəmələrdən HYTM-ə onlayn qaydada göndərilir. Bu qərarlar həmçinin HYTM-dən bürolara və fərdi vəkillərə VK-nın saytdındakı şəxsi kabinet vasitəsilə onlayn qaydada göndərilir".