"Opponentlərimiz nailiyyətlərimizi sükutla qarşılayır, lakin əksər hallarda əsassız tənqid olunuruq" - MÜSAHİBƏ


  • 15 Noyabr 2021 22:54

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov “The Tribune” beynəlxalq informasiya agentliyinə müsahibə verib.

E-huquq.az həmin müsahibəni təqdim edir:

- Sədr seçilmənizdən bu günə kimi Vəkillər Kollegiyasında nə kimi dəyişikliklər olub?

- Son dövrlərdə Azərbaycanda vəkillik peşəsi, xüsusən də vəkillərin keçmiş sovet standartlarından müasir hüquq standartlarına doğru inkişaf etməsi nəticəsində nəzərəçarpacaq dərəcədə irəliləyişin olduğunu deyə bilərik. Bir neçə il ərzində biz Vəkillər Kollegiyasının üzvlərinin sayını 900-dən 2050 nəfərədək artırmağa nail olduq. Bundan əlavə, Azərbaycanda Vəkil Bürolarının sayını 39-dan 110-a çatdıra bildik.

Həmçinin Azərbaycanda vəkillik fəaliyyəti kifayət qədər perspektivli sahəyə çevrilib. Bu gün gənc hüquqşünasların əksəriyyəti vəkil olmağa və Azərbaycan Vəkillər Kollegiyasına üzv olmağa üstünlük verirlər. Bu, üzvlərimizin orta yaşının 40 yaş olmasından da aydın görünür. Bundan başqa, yeni üzvlərimizin əksəriyyəti aparıcı xarici universitetlərin məzunlarıdır ki, bu da təşkilatımızın keyfiyyət səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Etiraf edirəm ki, Azərbaycanda vəkillik peşəsi ilə bağlı müxtəlif çətinliklər olub. Bununla belə, vurğulamaq istərdim ki, son üç il ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətində bir çox dəyişikliklər edilib. Fəaliyyətimizdə aparıcı beynəlxalq təşkilatlar və Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən qəbul edilmiş və tanınmış bir çox əlamətdar nailiyyətlər əldə olunub. Demək olar ki, biz üç il əvvəl hər bir işi sıfırdan başlamışıq və belə qısa müddət ərzində təşkilatımızın, ümumilikdə vəkillik peşəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atmışıq.

Biz vəkillərin, büroların sayını artırmağa, hətta hüquqi yardım üzrə mobil proqramını və Hüquqi Yardım və Tədris Mərkəzini yaratmağa nail olmuşuq. Bu gün Vəkillər Kollegiyası əksər xarici kollegiyalar tərəfindən tanınır və bizim üzvlərimiz xarici kollegiyaların imtahanlarında da iştirak edə bilirlər. Biz bunu bir neçə il əvvəl təsəvvür edə bilməzdik. Bundan əlavə, biz ilk dəfə olaraq USŞ (Uyğunluq Sertifikatlaşdırma Şurası) və digər yüksək standartlara cavab verən yeni Davranış Kodeksimizi ("Vəkillərin davranış qaydaları haqqında" Əsasnamə) qəbul etməyə nail olduq.

Eyni zamanda biz beynəlxalq səviyyədə də kifayət qədər fəalıq. Müxtəlif ölkələrin kollegiyalarının regional və beynəlxalq təşəbbüs və proqramlarına töhfə verir, dəstək göstəririk.

- Bu gün Azərbaycan cəmiyyətində vəkillik statusu necədir?

Bu gün Vəkillər Kollegiyasının üzvləri Azərbaycan cəmiyyətinin çox hörmətli və tam inteqrasiya olunmuş üzvləridir. Yenə də qeyd edim ki, son üç il ərzində biz vəkillərin sayını iki dəfə artıra bildik. Yeni üzvlərimizin çoxu gənc, enerjili, idealist hüquqşünaslardır və onların yeganə məqsədi Azərbaycanda qanunun aliliyinin qorunmasına dəstək olmaqdır.

Təbii ki, Azərbaycan cəmiyyəti fərqi görür. Əgər əvvəllər vəkil öz sahəsindən kənarda bəzi fəaliyyətlərlə məşğul olan formal iştirakçı kimi qəbul edilirdisə, bu gün onlar öz müştərilərinə yüksək keyfiyyətli hüquqi xidmətlər göstərmək və onların maraqlarını yerli məhkəmələrdə və bəzi hallarda Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə etmək məqsədi daşıyan peşəkar hüquq ekspertləri kimi qəbul edilirlər. Bəzi vəkillərin məhkəmə işlərində qanunları pozduğu və korrupsiya əməllərinə cəlb olunması kimi bir neçə hallar da olub. Ancaq buna baxmayaraq, biz bu cür cəhdlərə qarşı mübarizə aparırıq və qeyd etməliyəm ki, bununla bağlı Vəkillər Kollegiyası İntizam Komissiyası, Rəyasət Heyəti kimi mövcud daxili qurumlar da səmərəli fəaliyyət göstərir. Bizim daxili nəzarət mexanizmimiz müştərilərin istənilən şikayətlərinə kifayət qədər həssaslıqla yanaşır və konkret qanun pozuntularına görə məsuliyyət daşıyan istənilən vəkilə müvafiq olaraq intizam tənbehi verilir.

- Vəkillər Kollegiyası müstəqildir, yoxsa sovet dövründə olduğu kimi dövlətin nəzarətindədir?

- Tam əminliklə qeyd edə bilərəm ki, Vəkillər Kollegiyası vəkillərin müstəqil qeyri-kommersiya təşkilatıdır. Sovet İttifaqı demək olar ki, 30 il əvvəl dağılıb, lakin təəssüf ki, biz hələ də hökumətlə güclü əlaqəsi olan təşkilat kimi müəyyən əsassız stereotiplərə məruz qalırıq. Vəkillər Kollegiyası qeyri-hökumət, müstəqil, özünü tənzimləyən, qeyri-kommersiya məqsədləri üçün yaradılmış və vəkilləri əhatə edən təşkilatdır. Vəkillər Kollegiyası öz üzvlərindən üzvlük haqları ilə dəstək alan, özünü təmin edən bir təşkilatdır. Biz başqa heç kim və heç yerdən maliyyə dəstəyi almırıq. Heç vaxt dövlət tərəfindən maliyyələşməmişik, dövlət şirkəti və ya təşkilatlardan heç vaxt dəstək almamışıq.

Məsələn, bu gün Azərbaycanda müxalif partiyaları təmsil edən üzvlərimiz var və onların əksəriyyəti sosial mediada kifayət qədər aktivdir. Onlar Vəkillər Kollegiyasının üzvü kimi heç bir narahatlıq olmadan ifadə azadlığından istifadə edirlər. Onların hesablarının əksəriyyəti ictimaiyyət üçün açıqdır və hər kəs asanlıqla həmin şəxslərin paylaşımlarına baxa bilər. Həmin üzvlərimizin dövlət qurumlarını tənqid etməsi halları da çoxdur. Yenə də vurğulayıram ki, bu insanlar hələ də Vəkillər Kollegiyasının üzvüdürlər və heç vaxt siyasi düşüncələrinə görə heç bir ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmayıblar. Biz dövlət orqanlarından heç bir əmr qəbul etmirik, eyni zamanda siyasətə qarışmırıq, çünki bizim əsas məqsədimiz vəkillərin və hüquqşünasların maraqlarıdır.

- Rəqibləriniz sizi və Vəkillər Kollegiyasını niyə tənqid edir? Bu ittihamlara cavab olaraq mövqeyiniz necədir?

- Bildirmək istərdim ki, şəxsən mən hər zaman tənqidə açığam. Bu, effektiv fəaliyyəti yaxşılaşdırmağa və keçmişdə etdiyimiz səhvlərdən qaçmağa kömək edir. Bununla belə, tənqid sağlam və konstruktiv olmalıdır. Təəssüf ki, Vəkillər Kollegiyası və şəxsən mən əsassız ittihamlara, əsassız hücumlara məruz qalmışam. Reallıqda isə bu əsassız ittihamları dəstəkləyən və təbliğ edənlər Vəkillər Kollegiyasında baş verən irəliləyiş və inkişafa sevinmirlər. Əksər hallarda heç bir səbəb olmadan bizi tənqid edirlər. Opponentlərimiz nailiyyətlərimizi sükutla qarşılayır, lakin əksər hallarda əsassız tənqid olunuruq.

Bizi əsasən müxalif müştəriləri təmsil edən və ya siyasi işlərə qoşulan vəkillər barəsində intizam tənbehi seçilərkən tənqid edirlər. Ancaq bu iddiaların heç bir əsası yoxdur. Vəkillər Kollegiyası heç vaxt vəkilləri müxalifətdən olan müştərini təmsil etdiklərinə görə qınamayıb. Bu gün müxalif siyasətçiləri təmsil edən fəal vəkillər var və onların heç biri bizim tərəfimizdən hər hansı problemlə üzləşməyib. Vəkillərimiz “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müddəaları pozan hərəkətlər etmədikləri təqdirdə, Vəkillər Kollegiyası heç bir üzvünə qarşı hər hansı bir intizam tədbiri görmür.

Bizi heç bir əlaqəmiz olmayan işlərlə bağlı çox tənqid edirlər. Faktiki olaraq bəzi üzvlər “Vəkillərin davranış qaydaları haqqında" Əsasnaməni ciddi şəkildə pozduqlarına və ya peşə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, bəzi hallarda isə cinayət əməllərinə görə Kollegiyadan xaric ediliblər.

On ildən artıqdır ki, yerli məhkəmələrin qərar çıxardığı bəzi işlərdə bir sıra beynəlxalq təşkilatlar bizdən məhkəmələrə təzyiq göstərməyi və xaric edilmiş vəkillərin bərpasını tələb etməyimizi xahiş edirlər. Biz müxtəlif səviyyələrdə bu işlərin vəziyyəti ilə bağlı rəsmi orqanlarla müzakirələr aparsaq da, bizim yerli məhkəmələrə və ya hüquq-mühafizə orqanlarına hər hansı göstəriş vermək səlahiyyətimiz yoxdur. Əslində biz Azərbaycan Respublikası Ali Məhkəməsinə qərarlarının dəyişdirilməsi üçün göstəriş verə bilmərik. Buna görə bütün hərəkətlər hüquqi çərçivədə olmalıdır. Belə hallarda, biz həqiqətən də başa düşmürük ki, niyə öz səlahiyyətlərimizdən kənar olan işlərə görə məsuliyyət daşımalıyıq?

Biz hesab edirik ki, bəzi ikili standartlar və müəyyən qüvvələrin gizli siyasi gündəliyi beynəlxalq səviyyədə bizə qarşı fəal şəkildə istifadə olunur. Məsələn, bəzi beynəlxalq təşkilatlar bizə qarşı siyasətdən istifadə edərək, bizi üzvlüyə qəbul etmirlər. Bəzi hallarda biz Azərbaycanda siyasi fəaliyyət göstərməklə bağlı absurd iddialarla üzləşirik, halbuki biz vəkillərin müstəqil təşkilatını təmsil edirik, məqsəd və missiyalarımız istənilən siyasi məsələlərdən uzaqdır. Çox təəccüblüdür ki, Vəkillər Kollegiyasını və Azərbaycan cəmiyyətində vəkillərin rolunu təkmilləşdirmək üçün qətiyyətli səylərimizi dəstəkləmək əvəzinə, biz güclü qərəzli münasibət və hətta ayrı-seçkiliklə üzləşirik.

- Vəkillər Kollegiyasının gələcək planları nədən ibarətdir və Azərbaycanda demokratikləşmə prosesində Vəkillər Kollegiyasının rolunu necə qiymətləndirirsiniz?

- Biz ümid edirik ki, bir neçə il ərzində vəkillərimizin sayı 3000-i keçəcək.

Azərbaycanda demokratikləşmə prosesində Vəkillər Kollegiyasının roluna gəlincə, biz öz rolumuzu ilk növbədə qanunların üstünlüyünün təşviqində və hüquqi maarifləndirməyə töhfə verməkdə görürük. Biz Azərbaycan cəmiyyətini və beynəlxalq ictimaiyyəti əmin edə bilərik ki, Azərbaycanda demokratiyanın, qanunun aliliyinin möhkəmləndirilməsi üçün zəruri olan hüquqi islahatların səmərəli həyata keçirilməsinə dəstək istiqamətində əlimizdən gələni edirik və bundan sonra da əlimizdən gələni edəcəyik.

Oxşar xəbərlər