Azərbaycanda vəkillik institutu tənqid edilməlidirmi?


  • 16 Noyabr 2021 11:56

Leninqrad Vilayətinin Vəkillər Palatasının üzvü Eldar Əliyev "Azərbaycanda vəkillik institutu tənqid edilməlidirmi?" adlı məqalə yazıb.

E-huquq.az-ın redaksiyasına göndərilən məqaləni təqdim edirik:

"Son dövrdə mətbuat səhifələrində bəzi "hüquq ekspertləri" Azərbaycan Vəkillər Kollegiyasının işini tənqid edirlər. Düzü, mən bu tənqidlərin nədən qaynaqlandığını bilməsəm də, yazılan yazıların ruhundan bunu başa düşmək olur. Amma bu haqsız tənqidlərlə barışmaq fikrində olmadığım üçün sizə müraciət etməyi qərara aldım.

Əvvəl onu bildirmək istəyirəm ki, mən uzun illərdir ki, Rusiyada vəkillik fəaliyyəti ilə məşğul oluram. Hazırda Leninqrad Vəkillər Palatasının üzvüyəm. Amma buna baxmayaraq, bir azərbaycanlı kimi daim vəkillik peşəmlə əlaqədar Azərbaycan Vəkillər Kollegiyasının işi ilə maraqlanmışam və bu sahədə baş verən hər bir yenilik bir azərbaycanlı kimi məni də sevindirmişdir. Yəqin heç kimə sirr deyil ki, Vəkillər Kollegiyasının rəhbərliyi dəyişilənə kimi bu institutun elə də bir nəzərə çarpacaq fəaliyyəti gözə dəymirdi. Yəni, Azərbaycanda vəkillik institutu sıradan bir struktur olaraq fəaliyyət göstərirdi. Həmin dövrlərdə Rusiyanın müxtəlif şəhərlərində dünyanın bir çox yerlərindən gəlmiş vəkillərin iştirakı ilə konfranslar keçirilirdi, amma mən oralarda Azərbaycandan gələn bir vəkili görməmişdim. Yalnız Vəkillər Kollegiyasının rəhbərliyi dəyişiləndən sonra onun sədri cənab Anar Bağırovun mütəmadi olaraq bu konfranslarda iştirakını görəndə, Azərbaycanda vəkillik institutunun inkişafı ilə bağlı çıxışlarını və ümumiyyətlə, vəkillik fəaliiyyətinin daha da inkişaf etdirilməsi sahəsində təkliflərini eşidəndə bir Azərbaycanlı kimi necə fərəhləndiyimi təsəvvür etmək mümkün deyil. Yadımdadır, Anar Bağırovun çıxışından sonra mənim yanımda oturan Sankt-Peterburq Vəkillər Kollegiyasının vəkili olan bir tanışım belə dedi: "Düzünü desəm, mən köhnə sovet respublikalarında vəkillik institutlarının fəaliyyətinə həmişə şübhə ilə yanaşmışam, amma bu cavan oğlanın Azərbaycan Vəkillər Kollegiyasının son dövrdəki nailiyyətlərini sadalayanda, orada hər bir vəkilin onlayn kabineti olduğunu, işlərin, yazışmaların onlayn aparıldığını, dövlət hesabına hüquqi yardım göstərən vəkillərə dövlət tərəfindən ödənilən vəsaitin birbaşa Vəkillər Kollegiyası tərəfindən ödənilməsini eşidəndə öz-özümə utandım ki, Rusiyada hələ bu deyilənlərdən əsər-əlamət yoxdur. Deyəsən, Azərbaycandan bu sahədə çox şeylər öyrənməli olacağıq".

Qeyd edim ki, həqiqətən də Rusiyada vəkilin Azərbaycanda olduğu kimi onlayn kabineti yoxdur, dövlət hesabına onlayn yardım göstərən vəkillərə göstərilmiş hüquqi yardımın verilməsi müvafiq dövlət orqanının səlahiyyətindədir və buna görə bu ödənişlər bəzən çox uzun müddətə həyata keçirilir. Məlumdur ki, 22 fevral 2018-ci il tarixdə ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalanmışdır. Bu sərəncamın ideyasının meydana gəlməsində fikrimcə Vəkillər Kollegiyasının yeni rəhbərliyinin də müəyyən mənada rolu olmamış deyil. Bu sərəncamda vəkilin cəmiyyətdə, ədalət mühakiməsində malik olduğu rola dövlət tərəfindən ən yüksək səviyyədə qiymət verilmişdir. Son dövrlərdə Bakı şəhərində və regionlarda vəkil qurumlarının müvafiq bina ilə təmin edilməsi, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və maddi-texniki təminatı ilə bağlı məsələlərin həll edilməsi təqdirə layiq hallardandır. Kollegiyanın rəsmi internet saytında Vəkillər Kollegiyası və onun üzvləri arasında çevik məlumat mübadiləsinin, “Elektron məhkəmə portalı”na keçidin təmin edilməsi məqəsdilə “Elektron vəkil kabineti” funksiyasının əlavə olunması, bununla da hər hansı bir vəkilin saytda elektron kabinet yaratmaq imkanına malik olması çox müsbət haldır.

Bundan başqa, ixtisas imtahanlarının müntəzəm olaraq keçirilməsi, xüsusilə gənc hüquqşünasların vəkilliyə qəbul edilməsi üçün şəraitin yaradılması, göstərilən hüquqi xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi məqsədi ilə vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, vəkillərin öz fəaliyyətində qanunçuluğa, ədalət mühakiməsinin prinsiplərinə və yüksək peşə standartlarına, hüquqi yardım üçün müraciət etmiş şəxslərə münasibətdə vicdanlı və nəzakətli davranış tələblərinə ciddi riayət etmələrinin təmin olunması, regionlarda vəkillik fəaliyyətinin stimullaşdırılması üçün tədbirlərin həyata keçirilməsi, pulsuz hüquqi yardımın göstərilməsinin təşkil edilməsi, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi və “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya istiqamətində təbdirlərin görülməsi Vəkillər Kollegiyasının gördüyü müsbət işlərdəndir. Son üç il ərzində vəkillərin sayının iki dəfə artırılılması, Azərbaycan tarixində ilk dəfə olaraq vəkillərin sayının 2000 nəfəri keçməsi, Vəkil Bürolarının sayının 110-a çatdırılması cox böyük uğurlardır. 2018-ci ildən bu yana 23 mindən çox iş üzrə aztəminatlı şəxsə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquq yardım göstərilməsi, Kollegiyanın Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli iclasında vəkillər tərəfindən şəhid ailələrinə və əlil qazilərə ödənişsiz hüquqi yardımın göstərilməsi, o cümlədən məhkəmə proseslərində ödənişsiz təmsilçilik həyata keçirilməsi qərara alınması təqdirə layiq addımlardandır.

Bu yaxınlarda mətbuat səhifələrində cənab Anar Bağırovun fərdi vəkillər və vəkil qurumlarındakı vəkillərin vergi öhdəlikləri ilə bağlı uyğunsuzluğa diqqət çəkməsi və bu məsələnin parlament səviyyəsində müzakirəyə çıxarılması bir daha sübut edir ki, Azərbaycan Vəkillər Kollegiyasının sədri hər bir vəkilin mənafeyinin qayğısına qalan bir rəhbər olaraq fəaliyyət göstərir. Ümumiyyətlə, hər bir şəxsin öz həyatı var, ya bu həyatla razılaşmalısan, ya da çalışıb nəyisə dəyişməlisən, amma bütün hallarda gərək başqalarının nailiyyətlərinə paxıllıq etməyəsən. Çünki başqalarının hansı hisslərlə yaşadığını bilmək üçün gərək onun yolunu keçəsən ki, onun gördüyü işləri başa düşəsən. Daim nədənsə narazı olmaq çox pis vərdişdi. Bu işlə məşğul olanlara tövsiyyəm odur ki, həmişə nədənsə narazılıq edib görülən işlərə kölgə salmaq əvəzinə, görülən işlərə təkan vermək, ümümi işi daha da irəli aparmaq üçün çalışmaq daha yaxşıdı. Hesab edirəm ki, narazılıq edən şəxslər saf niyyətlə bunu edirlərsə, yəni doğrudanda vəkillik institutunun inkişafını düşünürlərsə, məhz belə də davranmalıdırlar. Yox əgər həmin şəxsləri vəkilliyin inkişafı yox, şəxsi maraqlar naminə daim görülən işlərə qara yaxmaq, kimlərisə cəmiyyətdə gözdən salmaq maraqlandırırsa, bu işi tərk etsələr yaxşıdı, çünki belə qarayaxmalar həqiqi insana heç vaxt başucalığı gətirməz.

Təbii ki, istənilən bir işi görəndə mütləq onu tənqid edənlər və narazı qalanlar olacaq. Amma əsas məsələ bu deyil. Əsas məsələ bu işi görən, bu yeniliyi gətirmək üçün çalışan insanların ruhdan düşməməsidir. İnanıram ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, hörmətli Anar Bağırov bir şəxsiyyət kimi bu mənfi fikirli insanlara, dedi-qodulara əhəmiyyət verməyərək öz yolunu davam etdirəcək, vəkillik institutunun daha da inkişaf etdirilməsi yolunda əlindən gələni əsigəməyəcək. Bu yolda ona uğurlar arzulayıram!".

Oxşar xəbərlər