"Bu gün Milli Məclisə deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən qərargahımda şəhid ailələri, qazilər, habelə ərazidə yaşayan vətəndaşlar üçün xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin iştirakı ilə pulsuz hüquqi yardım aksiyası təşkil etdik".
E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
O qeyd edib ki, Vəkillər Kollegiyasının "Arbitrium" Vəkil Bürosunun 6 nəfər vəkili tərəfindən 45 nəfər vətəndaşa peşəkar hüquqi yardım göstərilib.
"Vətəndaşlarımızın müraciətləri ilə bağlı yerindəcə məhkəmələrə iddia ərizələri hazırlanmış, aidiyyatı qurumlara müraciətlər ünvanlanmışdır. Habelə, onları maraqlandıran müxtəlif suallarla bağlı hüquqi məsləhətlər verilməklə, peşəkar hüquqi yardım göstərilmişdir. Qəbulda iştirak edən şəhid ailələri, qazilər, vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Göstərdikləri peşəkar hüquqi yardıma görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov başda olmaqla, vəkillərə minnətdarıq", – deyə A. Əliyev vurğulayıb.
Xəyalə Bünyatova
