Qazaxıstan Ali Məhkəməsinin hakimləri Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşdü - FOTO


  • 20 Dekabr 2021 20:51

Qazaxıstan Respublikası Ali Məhkəməsinin bir qrup hakimi Azərbaycana işgüzar səfərə gəlib.

E-huquq.az-ın məlumatına görə, hakimlər səfər çərçivəsində Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib.

Anar Bağırov bildirib ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ötən müddətdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində də bir çox işlər görülüb, o cümlədən hakimlərin özünüidarə orqanı kimi nəzərdə tutulan Məhkəmə-Hüquq Şurası yaradılıb, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması, fəaliyyətinin qiymətləndirilməsi və sair məsələlər dünya standartlarına uyğunlaşdırılıb. Görülmüş bu işlər zamanı Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunub.

Daha sonra A.Bağırov Vəkillər Kollegiyasının fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, son illər Azərbaycanda vəkilliyin nüfuzu artıb, gənc hüquqşünaslar arasında vəkillik peşəsinə böyük maraq yaranıb. Vəkillik cəmiyyətin etimadını qazanıb və Azərbaycanda güclü təsisatlardan birinə çevrilib.

Bundan başqa, görüş zamanı inzibati icraat və inzibati prosessual hüququn islahatları, yeni inzibati hüququn tətbiqi və inkişafı ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunub. Qonaqlar həmçimin inzibati icraat sahəsində vəkillərin mövqeyi ilə də tanış olublar.

Eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Qonaqlar həmçinin Muzey Mərkəzində "Dünya Vəkil Cübbələri və Atributları” sərgisi ilə tanış olublar. Sərgi qazaxıstanlı hakimlərin böyük marağına səbəb olub.

Oxşar xəbərlər