Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri təltif edildi


  • 11 Yanvar 2022 16:25

Sumqayıt Regional Vəkil Bürosunun 16 vəkili Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə fəxri fərmanla təltif olunub.

E-huquq.az xəbər verir ki, onlar bu fəxri fərmana “Vəkil günü” peşə bayramı münasibəti ilə və Sumqayıt şəhərində əhalinin hüquqi yardımının təminatında fəal iştirakına görə layiq görülüblər.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərdə vəkilliyin inkişafı ilə bağlı mütərəqqi addımlar atır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından sonra ölkədə regional vəkil bürolarının yaradılması nəzərdə tutulmuşdur. İlk olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti dərhal müvafiq inzibati binanı ayırıb, Vəkillər Kollegiyasına təhvil verdi. Həmin ayrılmış binada Sumqayıt Regional Vəkil Bürosu təsis olundu və hal-hazırda həmin yerdə fəaliyyət göstərir.

Artıq üç ildir ki, Sumqayıt Regional Vəkil Bürosu Sumqayıt şəhərində əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardımı həyata keçirir. Burada şəhid ailələlərinə, məcburi köçkünlərə, qazilərə və əhalinin digər aztəminatlı təbəqəsinə hüquqi məsləhətlərinin verilməsi, ərizələrin yazılması pulsuz həyata keçirilir.

Xatırladaq ki, Sumqayıt şəhəri Bakıdan sonra vəkillərin andiçmə mərasiminin keçirildiyi yeganə şəhərdir. Vəkillər arasında ilk şahmat turniri də Sumqayıt şəhərində keçirilib. Bu məqsədlə Vəkillər Kollegiyası və Sumqayıt Regional Vəkil bürosunun müraciətləri əsasında Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq inzibati binaları, müvafiq zalları, şahmat məktəbi vəkillər tərəfindən tədbirlərin keçirilməsi üçün daimi olaraq onların istifadəsinə təqdim edilib.

Oxşar xəbərlər