"Vəkillərin məhbusları yoluxdurması barədə Vəkillər Kollegiyasına heç bir rəsmi müraciət olmayıb"


  • 16 Yanvar 2022 00:28

"Məhbusların vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlməmişəm. Hətta belə hal olubsa belə, bizə bu barədə heç vaxt və heç bir qurumdan təqdiqlənmiş rəsmi məlumat daxil olmayıb".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkillərin məhkumların sağlamlığına biganə yanaşması və məhkumlarla görüşə gələrkən koronavirus testindən keçmək tələbinə narazılıq etməsi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

Sədr vəkillər barədə ittihamların əsassız olduğunu bildirib: "Öz təşəbbüsümüzlə apardığımız araşdırmalarımız həmçinin bu cür şaiyələri təsdiq etməyib. Hər kəsdən yoxlanılmamış və təsdiqini tapmayan məlumatları paylaşmamağə xahiş edirəm. Vəkillərin tam əksəriyyəti vaksinasiyadan keçib və müvafiq sertifikata malikdirlər. Bundan ötrü ölkəmizdə bütün şərait yaradılıb, zəruri tədbirlər vaxtında görülüb".

"Vəkillər başqa sahələrdə fəaliyyət göstərən hüquqşünaslardan heç də az məsuliyyətli insanlar deyil. Hər kəsdən vəkilliyə və vəkillərə qarşı hörmətlə yanaşmağı, vəkillər barədə publik qaydada işlətdikləri ifadələrdə formal mülahizələrdən çəkinməyə çağırıram", - deyə A.Bağırov əlavə edib.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova sosial şəbəkə səhifəsində paylaşım edərək vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkilləri ilə görüşə gələrkən karantin rejiminin qaydalarına əməl etmədiyini bildirib.

O bildirib ki, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair sosial şəbəkələrdə mənfi fikirlərə rast gəlinir.

“Məhkumlarla görüşə gələn şəxslər, o cümlədən, bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur.

Penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və başqa şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsi təşkil edib.

Eyni zamanda, buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər.

Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur”, - deyə A.Sabitova qeyd edib.

Oxşar xəbərlər