Vəkilliyə qəbul üzrə test imtahanının vaxtı açıqlandı


  • 17 Yanvar 2022 12:00

Martın 6-da Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alaraq, imtahan hər növbədə 160 namizəd olmaqla iki növbəli olaraq saat 10:00-da15:00-da baş tutacaq.

İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək. Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaqları xahiş olunur.

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 308 namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olduğunu (320 yer) nəzərə almalıdırlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş olunur.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Oxşar xəbərlər