Fevralın 10-da “Sirius” vəkil bürosunun açılış mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, açılışda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Kamal Cəfərov və büronun vəkilləri iştirak ediblər.
“Sirius” Vəkil Bürosunun müdiri Sübhan Əliyev qonaqlara məlumat verərək bildirib ki, büronun ümumi sahəsi 350 kv metr olmaqla 3 mərtəbədən ibarətdir. Büroda 5 ədəd geniş pəncərəli vəkil otağı, 1 konfidensial görüş otağı, 2 sanitar qovşağı, bir geniş mətbəx, bir konfrans otağından ibarət olmaqla hər cür mebellə təchiz olunub. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Birinci mərtəbədə, 1 ədəd konfidensial (görüş otağı), arxiv otağı, ikinci mərtəbədə böyük foyedən ibarət olmaqla vəkillərin fəaliyyəti üçün tam təmirli və yararlı olan ümumi zal, eyni zamanda onların rahat fəaliyyət göstərməsi üçün şəhər telefonu və bütün otaqlara fiber optik internet kabelləri çəkilib.
Burada vəkillərin istirahəti və vətəndaşlarla görüş, həmçinin seminar və təlimlərin, müzakirələrin keçirilməsi üçün otaqlarımız müvafiq avadanlıqlar və müasir texnika ilə təhciz olunub.
A.Bağırov büroda aparılmış təmir işlərini yüksək qiymətləndirib və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.
Daha sonra Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Kamal Cəfərov çıxış edərək Azərbaycanda son illər vəkillik sahəsində görülmüş işləri yüksək qiymətləndirib, müasir standartlara cavab verən vəkil bürolarının açılmasının vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında əhəmiyyətini vurğulayıblar.
Sonra büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.
Xəyalə Bünyatova
