"Azərbaycanda vəkillik institutu gücləndikcə bu sahəyə maraq da artmaqdadır".
Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Bakıda yeni vəkil bürosunun açılışı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, vəkillik institutu gözləntiləri doğruldur: "Təsisçilərindən biri Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru Sübhan Əliyev olan “Sirius” Vəkil Bürosunun açılışını da məhz bu rakursdan qiymətləndirmək olar. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hörmətli Anar Bağırovla bərabər biz də, dəyərli həmkarım Kamal Cəfərovla birlikdə açılışda içtirak etdik, bina və yaradılan yüksək şəraitlə tanış olduq. Çox sadə bir reallıq var, əgər insanlar maraq göstərir, vəsait qoyursa, deməli ölkədə bu sahənin perspektivinə inanır. Gözləntilər də özünü doğruldur və artıq həyata keçirilən islahatların nəticəsində vəkilliyin çox nüfuzlu bir sahəyə çevrildiyinin şahidi olmaqdayıq".
B.Məhərrəmov yeni açılan büronun fəaliyyətinin uğurlu olacağına əminliyini vurğulayıb: "Əminəm ki, çox dəyərli hüquqşunasların, ələxsus da alimlərin cəlb olunduğu bu büro böyük uğurlara imza atacaq. Bir daha həm özüm, həm də Kamal müəllimin adından dəvət üçün hörmətli Anar Bağırova və əziz Sübhan Əliyevə təşəkkür edir, “Sirius” Vəkil Bürosuna fəaliyyətində uğurlar diləyir, insan hüquq və azadlıqların müdafiəsində vəkillərimizə əzmkar olmağı arzu edirik".
Xəyalə Bünyatova
