Məzmuna keç

Dövlət hesabına göstərilən hüquqi yardımla bağlı monitorinq qrupu yaradılır

Fevralın 16-da “Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi: illik hesabat və mövcud problemlər” mövzusunda geniş tərkibdə onlayn qaydada iclas keçirilib.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti və İntizam Komissiyasının üzvlərinin, 100-dən çox vəkil bürosunun rəhbərinin iştirak etdiyi iclasda 2021-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına göstərilən hüquqi yardım işinin təhlili, bu sahədə mövcud olan problemlər müzakirə olunub.

İclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, cənab Prezident İlham Əliyevin Azərbaycan vəkilliyinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi olaraq 03 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına həvalə edilib.

Eyni zamanda, A.Bağırov 2021-ci ildə dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik hesabatlar barədə iclas iştirakçılarına məlumat verərək bu sahədə mövcud olan bəzi problemləri, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanları büro rəhbərlərinin diqqətinə çatdırıb.

Çıxışa davam edən A. Bağırov bu nöqsanların daha dəqiq araşdırılması və aradan qaldırılması üçün monitorinq qrupunun yaradılmasının vacibliyini vuğulayıb. Yeni yaradılacaq monitorinq qrupuna HYTM-nin direktor müavini Afət Qaziyevanın rəhbərlik etməsini təklif edib.

Daha sonra HYTM-nin direktoru Şahmar Məmmədov təqdimatla çıxış edərək 2021-ci il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, bəzi vəkillər tərəfindən dövlət büdcəsi vəsiti hesabına həyata keçirilən hüquqi yardım zamanı nöqsanlara yol verildiyini vurğulayıb. Daha sonra 2021-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən hüquqi yardıma dair vəkillər tərəfindən icra edilən qərar sayları və həmin qərarlara müvafiq ödənilən məbləğlər barədə ətraflı məlumat verib.

Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyət ilə bağlı konkret praktiki təkliflər verilib.