Fevralın 17-də "Yusif Allahverdiyev və partnyorları" vəkil bürosunun yeni ofisinin açılışı keçirilib.
E-huquq.az xəbər verir ki, açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatı Nigar Arpadarai, həmçinin vəkillər və hüquqşünas alimlər iştirak ediblər.
Açılışda iştirak edən qonaqları ofis ilə tanış edən büronun müdiri Yusif Allahverdiyev məlumat verərək bildirib ki, büronun ümumi sahəsi 300 kv metr olmaqla 1 konfidensial görüş otağı, 2 sanitar qovşağı, bir mətbəx, bir konfrans otağından, o cümlədən müasir kompüter və digər avadanlıqlarla təchiz olunub. Büroda vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb.
A.Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirib və son illərdə Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat verib.
O, həmçinin qeyd edib ki, Azərbaycanda vəkilliyin inkişafı vəkilllərin sayının artırılmasında özünü biruzə verir. Müxtəlif dövlət və qeyri-dövlət qurumlarında fəaliyyət göstərən təcrübəli hüquqşünaslar vəkil olmaq arzusundadırlar. Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur.
Daha sonra deputat Nigar Arpadarai çıxış edərək bildirib ki, Azərbaycanda vəkilliklə bağlı vəziyyət müsbət istiqamətdə dəyişir. Yeni vəkil büroları açılır, vəkillik institutu inkişaf edir.
O qeyd edib ki, çoxsaylı qadın vəkillərin vəkillik fəaliyyəti ilə məşğul olması sevindirici haldır: "Çünki mən həm Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, həm də bir qadın kimi Azərbaycan xanımlarının aktiv olmasını, eyni zamanda vəkillik sahəsində irəli getməsini görəndə çox sevinirəm. Belə bir stereotip vardı ki, vəkillik qadın işi deyil, qadınlar burada uğur qazana bilməz. Ancaq ildən-ilə qadın vəkillərin sayı artır".
Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.
