Məzmuna keç

Rusiyanın nüfuzlu nəşrində “Azərbaycanda vəkillik sahəsində islahatlar” adlı məqalə dərc olunub

Azərbaycanlı vəkil, Leninqrad vilayəti vəkillər palatasının vəkili Eldar Əliyevin Rusiya Vəkillər Palatasının mətbu orqanı olan, Rusiyada və MDB məkanında, həmçinin Avropada milyonlarla oxucu auditoriyası olan «Адвокатская газета»da "Azərbaycan vəkilliyində islahatlar" (Реформы в сфере адвокатуры Азербайджана) adlı məqaləsi çap olunub.

E-huquq.az məqaləni təqdim edir:

Vəkil peşəsi ən nəcib və humanist peşələrdən biridir.

«Vəkil» sözü latın dilindən tərcümədə «köməyə çagırmaq» mənasını verir. Hər bir insanın, onun hətta qanunu pozugu halda da müdafiə hüququ var və məhkəmə prosesi zamanı həmişə elə bir adam olmalıdır ki, onun hüquqlarını qorusun, məhkəmənin gedişində qanun və ədalətin bərqərar olmasına diqqət yetirsin. Bu vəkil qarşısında böyük məsuliyyət yaradır, ondan hüquq elmini kompleks halda bilməyi, öz vəzifələrinə məsuliyyətli yanaşmagı tələb edir.

Vəkil peşəsi 2000 il bundan qabaq qədim Yunan və Romada yaranmışdır. O vaxtlar vəkillər əsas etibarı ilə natiqliklə məşgul idilər, vətəndaşlara məhkəmələrdə çıxışlar hazırlayır və özləri də onlarla bir yerdə çıxışlar edirdilər. Bu vaxt ola bilərdi ki, bir çox vəkillər heç qanunu bilməyəydilər. Azad insanları müdafiə etmək çox şərəfli idi, amma xidmət haqqı kimi vəkillər pul yox, fəxri ad qazanırdılar. Sonralar qədim Romada sistemi bir qədər təkmilləşdirdilər: vəkil qanunları bilməli və xüsusi siyahıda-matrikullarda qeydiyyatda olmalı idilər. Bura yalnız o şəxslər düşə bilərdilər ki, müəyyən ölçüdə gəlirləri olsun. Həmçinin mütəxəssislərə gördükləri işlərə görə haqq ödəməyə başladılar. Məhz bu sistem indiki vəkilliyin əsasını təşkil etmiş oldu.

Azərbaycanda vəkillik çətin yol keçmişdir. SSRİ dagılandan sonra islahatlar nəticəsində o tədricən qeyri hökumət, müstəqil, öz-özünü idarə edən və respublikanın bütün vəkillərini birləşdirən bir birliyə çevrilməyə başlamışdır.

28 dekabr 1999 -cu ildə Azərbaycan Respublikasında «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanun qəbul edildi və bunun nəticəsində Azərbaycan Respublikasının bütün vəkillərini birləşdirən qeyri hökumət, müstəqil, öz-özünü idarə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası yaradıldı. Yaradılmış qurum 13 noyabr 1980-ci ildə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR-də vəkillik haqqında Əsasnamə əsasında fəaliyyət göstərən vəkillər Kollegiyasının hüquqi varisi oldu. Kollegiyanın əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarını, qanunla qorunan maraqlarını müdafiə etmək, peşəkar, keyfiyyərli, vicdanlı hüquqi yardım göstərmək, vəkilliyin nüfuzunu artırmaqdan ibarət idi.

07 dekabr 2017-ci ildə Vəkillər Kollegiyası üzvlərin konfransında Anar Bagırov sədr seçildi. Həmçinin Rəyasət heyətinin və İntizam Komissiyalarının yeni tərkibi müəyyənləşdirildi. Azərbaycan vəkilliyində miqyaslı islahatlar başladı.

Belə bir faktı qeyd etmək kifayətdir ki, 2017-ci ilin sonunda Azərbaycanda 931 vəkil var idi və respublika ərazisində cəmi 39 vəkil qürumu fəaliyyət göstərirdi. Son dörd ildə isə vəkillərin sayı 2132, vəkil qürumlarının sayı isə 108 -ə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il Sərəncamı ilə 28 dekabr günü vəkillərin peşə bayramı -Vəkil Günü kimi qeyd olunmaga başlanıldı.

Vəkilliyə qəbul imtahanları ildə ən azı 2 dəfə keçirilir. İmtahanlarda iştirak etmək üçün 200 manat rüsum (təxminən 9500 rubl.) ödəmək lazımdır. Namizədlər ali hüquq təhsilli və üç illik hüquqşünas ixtisası üzrə staja malik olmalıdırlar. Bu peşəyə yiyələnmək üçün ciddi seçimdən keçmək tələb olunur. Birinci mərhələ – yazılı test, ikinci mərhələ – müsabiqə. Müvəffəqiyyətlə imtahanları vermiş şəxslər bir aylıq məcburi təlim kursu keçirl, bundan sonra vəkil andı içirlər. Təlim kursları (mənaca bu ixtisasa hazırlıqdır) Azərbaycan Respublikası Ədliyyə Nazirliynin akademiyasında keşirilir. Dərsləri uzun illər hüququn müxtəlif sahələrində çalışmış təcrübəli vəkillər aparırlar.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər vəkil ola bilməzlər. Bundan başqa qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı test vermir və icbari təlimə cəlb olunmurlar – onlarla yalnız müsahibə keçirilir. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.

Bu gün Azərbaycan vəkilliyində bütün istiqamətlərdə islahatlar aparılır. Bunlardan biri dövlət hesabına göstərilən hüquqi yardımdır. Bu proses bütövlükdə Vəkillər Kollegiyası tərəfindən nizamlanır. Hər il respublikanın büdcəsində belə xərclər üçün məbləğ nəzərdə tutulur. Bu münasibətlə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov müsahibələrinin birində qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına uyğun olaraq dövlət hesabına hüquqi yardım üçün ayrılan vəsaitin mərkəzləşdirilmiş uçotunu və dəqiq proqnozlaşdırılmasını təmin etmək məqsədilə 2020-ci ildən dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün vəkillərə ödəniş Kollegiyanın Rəyasət heyəti tərəfindən həyata keçirilir. Məsələnin bu cür həlli vəkillərin bu sahədə illərdir müşahidə olunan narazılığını aradan qaldırıb.

İslahatın digər mərhələsi təyinatlı hüquqi yardımın göstərilməsi ilə bağlı şəffaf işin təşkilidir. Hazırda belə işlər avtomatik olaraq bölüşdürülür ki, bu da öz növbəsində vəkillər, məhkəmə və istintaq orqanları arasında qeyri-prosessual münasibətlərə qarşı mübarizə tədbirlərindən biridir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası həmçinin Türkiyə Respublikası Vəkillər Kollegiyasının təcrübəsini də tətbiq edib. Belə ki, hər bir vəkil orderinə qoruyucu xüsusiyyətləri olan xüsusi marka yapışdırılır (hər bir marka üçün unikal nömrəni kollegiya təqdim edir). Vəkilin bağladığı hər bir hüquqi yardım müqaviləsinin müəyyən faizi AR Vəkillər Kollegiyasının ayrıca hesabına köçürülür. Vəsaitlərin bu cür toplanması regional idarələrdə vəkillərin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı problemləri və s. işləri həll etməyə imkan verir. Beləliklə, vəkilliyin maliyyə müstəqilliyinə nail olunur.

Bundan əlavə, vəkil onun törətdiyi hüquqpozma nəticəsində vəkalət verənin əmlakına ziyan vurularsa, maddi məsuliyyət daşıyır. Vəkilin vəkalət verən qarşısında məsuliyyətinin təmin edilməsi məqsədilə vəkillərin peşə məsuliyyətinin xüsusi sığorta fondu yaradılmışdır ki, hər bir vəkil hər ay gəlirinin 2%-ni ora köçürür. Vəkalət verənə dəymiş ziyanın ödənilməsi zamanı vəkilin maddi imkanları kifayət etmədikdə, dəymiş ziyan məhkəmənin qərarı ilə fondun vəsaiti hesabına ödənilir.

Vəkillik peşəsinin rəqəmsallaşdırılması islahatların daha bir mühüm addımıdır. Hər bir vəkilin şəxsi kabinetə malik olduğu “Elektron məhkəmə” sistemindən fəal istifadə olunur. Elektron formatda olan bütün prosessual sənədlər nəinki bu kabinet vasitəsilə məhkəmələrə göndərilə bilər, hətta prosesin digər iştirakçıları tərəfindən də məhkəməyə belə sənədlər göndərildiyi halda, onlardan da xəbərdar olmaq olar. Bundan əlavə, vəkilin şəxsi kabinetində iş çərçivəsində məhkəmə tərəfindən qəbul edilmiş prosessual sənədlər əks etdirilir və yeni sənəd barədə vəkilə SMS vasitəsilə məlumat verilir.

Yaxın hədəflər sırasında vəkillərin elektron sorğular üçün «Elektron Hökumət» sisteminə inteqrasiyası durur. Bundan əlavə, mobil proqram yaradılmışdır ki, onun köməyi ilə istənilən vətəndaş elektron formada ödənişli, bir sıra kateqoriyalı vətəndaşlar isə pulsuz hüquqi yardım ala bilər.

2017-ci ildən qanunvericiliyə edilən dəyişikliklərdən sonra Azərbaycan Respublikasının vəkilləri məhkəmələrdə tərəflərin maraqlarını təmsil etmək üçün müstəsna hüquqlar əldə ediblər. İstisnalar arasında müəssisə rəhbərinin və ya işçinin etibarnamə əsasında hüquqi şəxsi təmsil etmək imkanı var. Fiziki şəxslər məhkəmə prosesində özlərini təmsil edə və ya onların nümayəndəsi yaxın qohumları ola bilər.

Eyni zamanda, vəkilin və bütövlükdə vəkillik peşəsinin səmərəli fəaliyyəti yalnız mövcudluğu qanunun aliliyinə, ləyaqət, azadlıq və insan hüquqlarının müdafiəsinə yönəlmiş fundamental hüquqi prinsiplərə tabe olan dövlətdə mümkündür. Belə bir dövlətdə vəkil nəinki maraqlarını müdafiə etdiyi şəxsə peşəkar hüquqi yardım göstərir, həm də ədalət mühakiməsinin həyata keçirilməsində fəal iştirak edir, məhkəmə fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2021-ci il tarixli Sərəncamı ilə məhkəmələrə müraciətin sadələşdirilməsi, hakimlərin yükünün azaldılması, işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədi ilə təyin edilmiş 44 nəfər hakimdən 9-u vəkil olmuşdur.

2021-ci ilin dekabr ayında Vəkillər Günü ərəfəsində Bakı Muzey Mərkəzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, respublika Mədəniyyət Nazirliyin dəstəyi ilə təşkil olunmuş dünya vəkillərinin cübbə və digər ləvazimatlarının sərgisi keçirilib. Qeyd edim ki, hazırda Azərbaycanda hakimlər və vəkillər məhkəmə proseslərində xüsusi geyimlərdə – cübbələrdə iştirak edirlər.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Beynəlxalq Qızıl Xaç Cəmiyyəti, BMT-nin ixtisaslaşmış təşkilatları və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində vəkillər üçün xüsusi təlim proqramları təşkil edilib – son üç ildə 700-dən çox vəkil belə təlim keçib. Bundan əlavə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nəzdində Təlim və Hüquqi Yardım Mərkəzi yaradılmışdır ki, burada həm əyani, həm də distant təhsil daimi əsaslarla aparılır.

İslahat zamanı qarşıya qoyulan əsas vəzifələrdən biri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının bütün vəkillərin reyestrinin olduğu internet saytının yaradılması olmuşdur. Saytda həmçinin hər bir vəkil üçün «Elektron Məhkəmə» sisteminə inteqrasiya olunmuş, lakin əlavə funksiyalarla şəxsi kabinet də nəzərdə tutulmuşdur. Vəkillər bütün sənədləri “şəxsi kabinet” vasitəsilə göndərə və yeni qəbul olunmuş sənədlər barədə SMS-ə məlumat ala bilərlər. Dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə bağlı qərarlar da bu kabinetlər vasitəsilə vəkil qürumlarına və vəkillərə onlayn göndərilir. Bundan əlavə burada pro bono sistemi ilə onlayn hüquqi məsləhətləşmələr aparmaq da mümkündür.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası yalnız pulsuz hüquqi yardımın göstərilməsi üzrə tədbirlər deyil, həm də məhkumların oldugu cəzaçəkmə müəssisələrinə də səfərlər təşkil edir, məhkumlara pulsuz hüquqi yardım göstərirlər.

Beynəlxalq əlaqələrin inkişafına və beynəlxalq təşkilatlarla – xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnsan Hüquqları və Uşaq Hüquqları üzrə Müvəkkili, Avropa Vəkillər Kollegiyası (CCBE), Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ), Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və digərləri ilə ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir. 2021-ci ilin oktyabr ayında AR Vəkillər Kollegiyası vəkillər kollegiyalarının, hüquqşünasların, hakimlərin və alimlərin daxil oldugu LAWASIA beynəlxalq təşkilatına üzv olmuşdur.

Əminəm ki, Azərbaycanın vəkillərinin birliyi hüquq və mənafelərin müdafiəsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin öhdəsindən uğurla gələcək!