Məzmuna keç

“Vəkillər Kollegiyasının dəstəyi ilə qanunvericilik bazamızı gücləndiririk”

“Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültəsi üçün “Hüquq ədəbiyyatı kitabxanası”nın yaradılması ilə Azərbaycanda hüquq elminin davamlı inkişafı üçün imkanlar genişlənir”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, bu kitabxanın yaradılması Azərbaycanda qanunvericilik bazasının inkişafına yol açacaq: “Bu gün həm dövlətimizin, həm özəl sektorun, həm də bir çox qeyri-hökumət təşkilatlarının əsas prioritetləri təhsilin inkişafıdır. Ölkəmizdə təhsil siyasətinin əsasını gənclərimizin düzgün inkişafı üçün atılan addımlar təşkil edir. Bir neçə gün öncə cənab Prezident İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bunun bariz nümunəsidir. Bu gün ali qanunvericilik orqanı olan Milli Məclisin gördüyü işlər qanunvericilik bazasının gücləndirilməsi yönündədir. Azərbaycanın illərlə göstərdiyi mübarizə nəticəsində öz torpaqlarını işğaldan azad etməsi məhz beynəlxalq hüquq platformasında düzgün həyata keçirdiyi siyasətin nəticəsidir. Bunun üçün də hüquq elmi çox önəmlidir. Biz bu gün Vəkillər Kollegiyasının dəstəyi ilə bu istiqamətdə xidməti və eyni zamanda qanunvericilik bazamızı gücləndiririk”.

Sevgül Qasımzadə