20 saylı Vəkil Bürosunun müdiri, Vəkillər Kollegiyası İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova "Qadın vəkillər stereotiplərə qarşı" adlı məqalə yazıb.
E-huquq.az həmin yazını təqdim edir:
Qadın hüquqşünaslar karyera qurmaq və uğur qazanmaq üçün həddindən artıq yüklənməli olurlar. Vəkillik isə iradəli, cəsur, təşəbbüskar və məqsədyönlü insanlar üçün müəyyən cəsarət tələb edən peşədir. Təəssüf ki, Azərbaycanda qadınların vəzifəsinin ilk növbədə ailə və uşaqlarla məşğul olmaq, işin isə qadın üçün müvəqqəti əyləncə olması barədə açıqlanmayan bir fikir var. Evdə qal, uşaq böyüt! Və bu, karyeramda rastlaşdığım yeganə stereotip deyil.
Mən hüquqşünaslıq fəaliyyətimə yeni başlayanda tez-tez qohumlarımdan, ailə üzvlərimdən eşidirdim ki, qadının vəkil olması çox çətindir. Hətta yaxın qohumlarım açıqca deyirdilər ki, bu, sənin nəyinə lazımdır? Sən qızsan, ilk növbədə ailə qurub, ərinin, uşaqlarının qayğısına qalmalısan. Bəli, doğrudan da, vəkilin iş cədvəli həddindən artıq yüklü ola bilir. Lakin bu gərgin günün və zəhmətin əvəzi imkanlarınızı genişləndirən və qabiliyyətlərinizi inkişaf etdirən, həzz aldığınız işdirsə, inanın ki, yorğunluq hiss etmirsiniz. Özüm haqqında danışarkən, indi elmi pedaqoji fəaliyyəti, vəkillik fəaliyyətini, ictimai fəaliyyəti, mediasiya sahəsində fəaliyyəti, gənc vəkillərin yetişdirilməsi, idarəçilik və peşəmlə bağlı saymadığım digər fəaliyyətləri birləşdirirəm. Necə deyərlər, məşğulluq alanım genişdir. Buna baxmayaraq, iş və ailə arasında tarazlığı ciddi şəkildə qorumağı bacarıram. Necə? Əvvəla, bu, təşkilatçılıqdır:
Əvvəlcədən planlaşdırılmış qrafik kənara addım atmağa imkan vermir. Ümumilikdə sıx qrafikə əməl etməyə çalışıram.Yaxşı bir hüquqşünas olaraq, artıq kifayət qədər yetkin universitet məzunu hüquqşünas qız və tələbə oğul üçün yaxşı ana olaraq qalıram, arada dostlarla görüşməyə, hətta sevdiyim məşğuliyyətlərə – gül çiçək becərməyə, kitab oxumağa vaxt tapıram. Mənə elə gəlir ki, əgər siz iş gününüzü, həyatınızı və istirahətinizi əvvəlcədən mükəmməl planlaşdırırsınızsa, onda işinizlə sevdikləriniz çox yaxşı dost ola bilərlər.
Burada zəiflərə və zəriflərə yer yoxdur!
Çoxları vəkillik peşəsində qadınlara yer görmürlər. Bu ən çox da karyeraya yeni başlayan gənc vəkil qızlar üçün keçərli stereotipdir. Vəkillik fəaliyyətimə Bakı şəhəri 3 saylı hüquq məsləhətxanasında başladım. Elə bu hüquq məsləhətxanasındakı həmkarlarımı addım-addım inandırmalı oldum ki, mən peşəkaram və mənə etibar etmək olar. Əvvəlcə məni görmürdülər, sonra özümü göstərə bildim, hətta zamanla ehtiyac duyulan həmkara və vəkilə çevrildim. Bilik, bacarıq və təcrübə ilə yanaşı, səbr, özümə inam və bəzən də lazımsız söz-söhbətlərə məhəl qoymamaq bacarığım karyeramda hazırkı zirvələrə yüksəlməyə imkan verdi. Amma bəzən ikiqat, hətta üçqat enerji ilə işləməli olurdum. Doğrudan da, karyeranın əvvəlində öz səriştənizi nümayiş etdirmək, iradə və gücünüz olduğunu praktikada sübut etmək çox vacibdir. Bundan əlavə, vəkillik böyük bir emosional yüklə yüklənən peşədir. Buna görə də qadın vəkil həddindən artıq fiziki, zehni və emosional yükə tab gətirərək uğur qazanmağa məcbur olur.
Bir də deyirlər ki, qadını məntiqdən, ağıldan çox duyğuları idarə edir. Bu sirr deyil ki, cəmiyyətimiz kişiləri düşünən varlıq hesab edir. Qadınları isə müəyyən mifik “qadın məntiqi” ilə səciyyələndirirlər. Ancaq xoşbəxtlikdən, bu stereotip də çox nadir hallarda təsdiqini tapır. Vəkillik fəaliyyəti emosiyaların çox rasional idarə edilməsini tələb edir. Bu həm hüquqi yardım göstərdiyin, həm də birlikdə işlədiyin şəxslərlə münasibətlərə aiddir. Birincisi, hamıya yetişə bilməli, ikincisi, hər kəslə qışqıran, söyüş söyən və ya ağlayan, müştəri ilə empatiya quran emosional bir xanım kimi deyil, bir peşəkar kimi münasibətlər qurmalısınız. Axı, müalicə üçün həkimə gəldiyiniz zaman sizin üçün empatiya və həkimin göz yaşlarıdansa, təyin etdiyi müalicə daha vacibdir. Vəkillik peşəsində də belədir. Bütün bunlara baxmayaraq, düşünürəm ki, məhkəmə öncəsi həyəcan keçirməyən vəkil yaxşı vəkil deyil. Eyni zamanda bu işin fəaliyyətinizdə ilk və ya min birinci olmasının heç bir əhəmiyyəti yoxdur. İcraatına götürdüyün hər yeni iş, bu işə başladığın andan məhkəmə prosesinin sonuna qədər yaşadığın kiçik bir həyatdır.
Bəzi müştərilər kişi vəkillərlə işləməyə üstünlük verirlər. Bəziləri isə fitri intuisiyaya malik olduqları üçün işin vəziyyətini daha yaxşı hiss edəcəklərinə və daha səliqəli, diqqətli, məsuliyyətli olacaqlarına inanaraq, qadın vəkilə üstünlük verirlər. Amma hesab edirəm ki, vəkilin peşəkarlığı onun cinsindən asılı deyil. Bununla yanaşı, mən inanıram ki, qadının vəkillik peşəsində uğur qazanması kişidən daha asandır. Qadınlar təbii ki, daha səbirli, diplomatik və çevikdirlər. Onlar daha çox təfərrüatı görə bilir, insan reaksiyalarının çalarlarını daha yaxşı görür və yadda saxlayır, emosional əlaqəni daha asan qura bilirlər. Ümumiyyətlə, əgər peşədən danışırıqsa, o zaman hüquqşünasları qadın və kişiyə bölməyi düzgün hesab etmirəm.
