Məzmuna keç

İlhamə Həsənova: “Qadın vəkillər arasında birlik var”

"Bu gün ölkəmizdə qadın vəkillərin fəaliyyətinə mane olan heç bir səbəb yoxdur".

E-huquq.az xəbər verir ki, bunu 20 saylı Vəkil Bürosunun müdiri, Vəkillər Kollegiyası İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, qadın vəkillər kişi həmkarlarından heç də geri qalmır, yeri gəldikdə onlardan daha üstün olduqlarını göstərirlər: "Peşə faəliyyətində qadın-kişi bölgüsü yoxdur. Biz vəkilik. Vəkilin cinsi olmur. Amma deyə bilərəm ki, qadın vəkillər icraatlarında olan işlərə daha həssas yanaşırlar. Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini olaraq qeyd etməliyəm ki, bu gün qadın vəkillər barəsində intizam işləri daha azdır. Onlarla bağlı işlər olduqda belə, o qədər də ciddi intizam xətalarının olmadığını görürük".

İ.Həsənova son illərdə qadın vəkillərin inkişafına Vəkillər Kollegiyası tərəfindən dəstək göstərildiyini deyib: "Qadın vəkillər arasında birlik var. Biz qeyri-rəsmi də olsa, təşkilatlanmışıq. Çox sıx dostluq və əməkdaşlıq münasibətlərimiz var. Hər zaman bir-birimizə dəstək oluruq. Rəhbərlik tərəfindən də bizə dəstək göstərilir. Bu, bizim özümüzə olan inamın artmasına çox kömək edir. Bu gün mən bir qadın olaraq böyük bir vəkil bürosuna rəhbərlik edirəm. Özümdə bu cəsarəti tapmışamsa, bu bizə göstərilən etimadın nəticəsidir. Hörmətli Anar müəllim Bağırov bizim bütün təşəbbüslərimizə diqqətlə yanaşır və onların həyata keçməsinə hər zaman dəstək göstərir".

Xəyalə Bünyatova