Məzmuna keç

“Bəzən qadın vəkilləri qeyri-peşəkar hesab edirlər”

“Azərbaycanda qadın vəkillərin rastlaşdığı problemlərdən biri cəmiyyətdə olan gender stereotipləridir”.

E-huquq.az xəbər verir ki, bunu vəkil Leyla Məmmədova martın 3-də “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, stereotiplər bəzi hallarda qadın vəkillərə qarşı qeyri-ciddi münasibətə səbəb olur: “Təəsüflə qeyd etmək lazımdır ki, bəzi hallarda hakimlər, prokurorlar və hətta kişi vəkillər də iş prosesində qadın vəkillərə peşəkarlıq cəhətdən qeyri-ciddi baxırlar. Lakin işin gedişatında bu fikirlərinin yanlış olduğunu görürlər. Qadın vəkillər cəmiyyətin bu stereotiplərinə baxmayaraq, hər zaman daha çox əzm, iradə və peşəkarlıq nümayiş etdirirlər. Çünki onlar özlərini sübut etməli olurlar”.

Leyla Məmmədovanın sözlərinə görə, digər bir problem isə qadın vəkillərin ixtisaslaşması ilə bağlıdır: “Belə bir yanaşma var ki, qadın vəkillər ailə və əmək münasibətləri ilə məşğul olmalıdırlar. Hətta mən deyərdim ki, kommersiya sahəsində ixtisaslaşmış qadın vəkillərimiz demək olar ki, yoxdur. Kommersiya qurumlarının rəhbərləri kişi vəkillərlə işləməyə üstünlük verirlər. Bunun obyektiv və subyektiv səbəbləri var. Lakin bu hal ürək açan deyil. Çünki bizim savadlı, xarici dillər bilən, analitik zəkaya sahib olan qadın vəkillərimiz var ki, bu sahədə gözəl nəticələr əldə edə bilərlər”.

Xəyalə Bünyatova