Məzmuna keç

“Vəkillik məktəbi” kursunun bütün məzunları vəkilliyə qəbul imtahanında yüksək nəticə göstərib

Xəbər verdiyimiz kimi, ötən gün vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib. İmtahanda iştirak edən 306 namizəddən 142 nəfəri 60 və daha yüksək bal toplayaraq növbəti mərhələdə iştirak imkanı əldə edib.

E-huquq.az xəbər verir ki, yazılı test imtahanında uğur qazananlar arasında "Vəkillik məktəbi" kursunun məzunları da var.

Kursun imtahanda iştirak edən bütün məzunları yüksək nəticə göstərərək növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, "Vəkillik məktəbi" Vəkillər Kollegiyasının təşəbbüsü ilə 20 saylı Vəkil Bürosu tərəfindən təşkil edilib. Tədris kurslarına 1 iyul 2019-cu il tarixdən başlanılıb. "Vəkillik məktəbi" kursunun tədris proqramı vəkil statusu almaq istəyənlər üçün yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanıb.

Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər vəkillik və tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edir. Tədris materialları Vəkillər Kollegiyası Rəyasət Heyətinin təsdiq etdiyi yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılır. Tədris olunan mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunub.