Məzmuna keç

“Bakı Apellyasiya Məhkəməsində hakimlərin iş yükü həddindən artıq çoxdur”

"Bakı Apellyasiya Məhkəməsində hakimlərin iş yükü həddindən artıq çoxdur, məhkəmə iclasları hər 10 dəqiqədən bir təyin edilir".

E-huquq.az-ın məlumatına görə, bunu vəkil Fuad Kərimov deyib.

Onun fikrincə, iş yükünün çox olması məhkəmə araşdırmasının keyfiyyətinə mənfi təsir göstərir: "Təbii ki, 10 dəqiqəyə məhkəmə iclasını keçirmək qeyri-mümkündür. Bu səbəbdən saatlarla dəhlizdə dayanıb məhkəmə iclasının başlanmasını gözləyirik. Bəzən hakimlər heç nahar fasiləsinə getmədən işlərini davam edirlər. Bəzən iş vaxtının sonuna təyin edilmiş iclaslar da saat 18.00-dan sonra davam edir. Əmək qanunvericiliyinin tələbləri pozulur, məhkəmə araşdırmasının keyfiyyəti aşağı düşür. Dövlət rüsumları artırılanda işlərin sayının aşağı düşəcəyinə ümid edilirdi, lakin işlərin sayı azalmır".

Vəkil icra şöbələrində vəziyyətin daha ağır olduğunu bildirib.

"Bir icra məmurunun icraatında minlərlə icra işləri var. İnsanın bioloji resursları bu həcmdə yükün öhdəsindən gəlməyə imkan vermir. Bu problemlər həll edilməyincə ədalət mühakiməsinin səmərəliliyini təmin etmək mümkün deyil", – deyə o qeyd edib.

Sevgül Qasımzadə