Məzmuna keç

Erməni alim dissertasiya işində azərbaycanlı vəkilin elmi məqaləsinə istinad edib

Erməni alim E.R.Qleçyan fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırladığı “Автономность правового сознания социальных субъектов в современном обществе” adlı dissertasiya işində tanınmış azərbaycanlı vəkil Paşa Səfərovun müəllifi olduğu “Теория "гуманизма" Ф. М. Достоевского, или художественная литература в уголовно-правовой науке” adlı elmi məqaləyə istinad edib.

Paşa Səfərovun e-huquq.az-a verdiyi məlumata görə, sözügedən məqaləsi rus dilində 2011-ci ildə Moskvada nəşr olunan “История государства и права” (ISSN 1812-3805) jurnalında, ingilis dilində isə 2014-cü ildə beynəlxalq “International Journal of Academic Research” (ISSN 2075-4124/2075-7107) jurnalında dərc olunub: "Məqaləyə bir neçə xarici ölkə alimləri öz əsərlərində istinad ediblər. Erməni alim məhz məqalənin rus dilində olan nəşrinə istinad edib və dissertasiya işi 2019-cu ildə məqbul sayılıb".

Qeyd edək ki, P.Səfərov bir neçə hüquq kitabının müəllifi olmaqla yanaşı, 50-dən artıq elmi məqalənin müəllifidir. Elmi məqalələri azərbaycan dili ilə yanaşı, türk, ingilis, rus, fars dillərində olmaqla dünyanın bir çox ölkələrində (Türkiyə, Ukrayna, Gürcüstan, Polşa, B.Britaniya, İran, İtaliya, Rusiya və s.) nəşr olunub. Hüququn müxtəlif sahələrində araşdırma aparan P.Səfərov vəkillik hüququ ilə bağlı bir neçə (“Vəkil mədəniyyəti”, “Vəkilin nitq mədəniyyəti”, “Vəkil vicdan deməkdir”, “Cəmiyyət və vəkil” və s.) məqalə müəllifidir. Müəllifi olduğu “Cəmiyyət və vəkil” məqaləsi ötən ay Milan (İtaliya) şəhərində keçirilən “IV Beynəlxalq Elm Konfransı”nın materiallarında işıq üzü görüb.

P.Səfərov Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri olmaqla yanaşı Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İcra hüququ” fənnini tədris edir.