Peşəkar vəkil imici necə formalaşır?


  • 4 May 2022 15:04

Müasir dünyada "image" sözü çox məşhurdur. İmic (ingiliscə şəkil, latın imago - görüntü, görünüş), populyarlaşdırmaq, reklam etmək və s. məqsədilə kiməsə emosional və psixoloji təsir göstərmək üçün nəzərdə tutulmuş məqsədyönlü şəkildə formalaşmış obraz kimi başa düşülür.

Vəkil imici dedikdə təkcə vəkilin xarici görünüşü deyil, həm də peşəkar və şəxsi keyfiyyətləri başa düşülür.

Hər hansı bir vətəndaşdan “vəkil necə olmalıdır ki, ona hüquqi yardım üçün müraciət edəsiniz?” deyə soruşsanız, yəqin ki, əksəriyyət cavab verəcək ki, vəkil ixtisaslı, geniş spektrə və hüququn müxtəlif sahələrində biliklərə malik olmalıdır. Məgər biz istəmirikmi ki, həkimlərimiz tibb sahəsində, inşaatçılarımız tikinti sahəsində yaxşı biliklərə malik olsun? Bu, məncə, hər bir mütəxəssis üçün vacib tələbdir. Bəs o zaman vəkil hansı fərqli xüsusiyyətlərə malik olmalıdır ki, hüquqi yardım göstərdiyi şəxsin, cəmiyyətin gözləntilərini doğrultsun!?

Vəkil nəzakətli, dürüst, vicdanlı, prinsipial, müstəqil olmalıdır və s. Peşəkar fəaliyyətdə vəkil üçün obraz əsas rollardan birini oynayır. O, müəyyən davranış, işə münasibət, digər insanlarla ünsiyyət qurmaq bacarığı, peşəkar səriştəyə əsaslanaraq yaranır.

Vəkil imicini formalaşdırarkən aşağıdakı aspektlərə diqqət yetirmək lazımdır:

Xarici görünüş, hərəkətlər, peşəkar səriştə, yerinə yetirilən işin keyfiyyəti, informasiya məzmunu, səs, emosional və psixoloji məzmun.

Vəkildə mühazirəçi bacarığı olmalıdır, inandırmaq bacarığı formalaşmalıdır. Peşəkar vəkil öz fəaliyyətini adekvat təhlilə məruz qoymağı bacarmalı, hərəkətlərinin təkcə müsbət tərəflərini deyil, həm də mənfi cəhətlərini dərk etməlidir. Vəkilin imici inandırmaq bacarığından, insanlarla ünsiyyət qurmaq bacarığından asılıdır, çünki vəkil müvəkkilinə yanaşma tapmağı, qətiyyət göstərməyi, öz mövqeyində dayanmağı bacarmalıdır. Vəkil obrazı anlayışına onun qabiliyyətləri, dəyər yönümləri və psixoloji xüsusiyyətləri haqqında fikirləri də daxil ola bilər. Uğurlu vəkil obrazı, bir qayda olaraq, uzun illərin zəhmətinin nəticəsidir və onu yaratmaq məhv etməkdən qat-qat çətindir.

Lakin ilk növbədə vəkil Vəkillərin Peşə Etikası Qaydalarına əməl etməlidir. Bu qaydalar vəkil peşəsinin nüfuzunun qorunması üçün əsas tələbləri, vəkilin müştəriləri, həmkarları və müxtəlif təşkilatlarla davranışına dair tələbləri ehtiva edir. “Vəkillərin Davranış qaydaları haqqında” Əsasnamənin tələbinə əsasən, hər bir vəkil həm peşə fəaliyyətində, həm də peşə fəaliyyətindən kənar vəkilliyin nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinməli, vəkil adını uca tutmalıdır.

Doğrudan da, ayrı-ayrılıqda hər bir vəkil cəmiyyətdə necə davranırsa, vətəndaşlar “vəkil” imicini də o cür qiymətləndirirlər, yəni bütün vəkillər haqqında belə təsəvvür formalaşdırırlar. Ona görə də vəkil təkcə peşə borcunu yerinə yetirərkən deyil, peşə fəaliyyətindən kənarda da özünü peşəsinə layiq aparmalıdır.

Hər bir peşə sahibi kimi vəkillər də müxtəlif tənqidlərə məruz qalırlar ki, bu da əlbəttə ki, hər bir vəkilin imicinə təsir göstərir. Ona görə də vəkillər daha çox Peşə Etikası Qaydalarını, əxlaq normalarını rəhbər tutmalı və təbii ki, qanun normalarını pozmamalıdırlar. Bu, cəmiyyətin müxtəlif maraqlarının toqquşduğu bir vəziyyətdə müstəqil, öz peşəsinə sadiq qalmağa və fəxrlə vəkil adlandırılmağa imkan verəcəkdir.

Mediada ictimai çıxışlar edərkən, sosial şəbəkələrdə hər bir vəkil dediyi hər sözə çox diqqətli olmalıdır. Və yalnız əsl vəkil öz mövqeyini elə ifadə edə bilər ki, hətta opponentlərin də onu qeyri-etik davrandığına görə qınamağa əsası qalmasın.

Yekun olaraq deyə bilərik ki, biz vəkillər hər birimiz ayrı-ayrılıqda bütöv vəkil imicinin formalaşmasına cavabdehik.

İlhamə Həsənova

Vəkillər Kollegiyası İntizam Komissiyasının sədr müavini

Oxşar xəbərlər