Anar Bağırov: "Ölkəsini və peşəsini sevən hər kəs bu uğura sevinməlidir"


  • 14 May 14:20

“Azərbaycan Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunması ilk növbədə onun müstəqil peşə birliyi kimi tanınması deməkdir. Biz bunu çox böyük uğur kimi qiymətləndiririk”.

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlük Azərbaycan vəkilləri üçün çox böyük imkanlar açır: “Bu o deməkdir ki, biz Avropa təcrübəsindən tam bəhrələnəcəyik. Bu təşkilata üzvlük vəkillərimizin digər Avropa ölkələrində vəkillik təcrübəsi keçməsinə imkan verəcək. Vəkillərin peşə hazırlığının artırılmasında, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcək. Bu, eyni zamanda Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün bizə böyük imkanlar yaradır. Hesab edirəm ki, bu, son 4 ilin ən böyük uğurlarından biridir”.

Sədrin sözlərinə görə, bu istiqamətdə danışıqlar 3 ildən çox davam edib: “Biz bir çox tədbirlərdə iştirak etmişik, müzakirələr aparmışıq. Üzv olan bir çox ölkələrlə bizim təşəbbüsümüzlə görüşlər keçirilib. Onların mövqeyini öyrənmişik, suallarını cavablandırmışıq. İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Assosiasiyasının plenar iclasında da geniş müzakirələr aparıldı. Mənim geniş çıxışım oldu və bizim üzvlüyümüzün önəmini tədbir iştirakçılarının diqqətinə çatdırdım. Həmçinin, Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov çıxış edərək son illər ərzində ölkəmizdə vəkillik sahəsində aparılan islahatlar barədə məlumat verdi. Daha sonra Bayram Orucov və İdarə Heyəti sədrinin müşaviri Fərhad Nəcəfovla birgə nümayəndə heyəti olaraq verilən sualları cavablandırdıq. Bizim tədqimatımız çox böyük təsir bağışladı. Avropa vəkilləri bizə dəstək göstərdilər və bildirdilər ki, Azərbaycan Vəkillər Kollegiyası Avropa vəkil ailəsinə üzv olmağa tam layiqdir”.

A.Bağırov qeyd edib ki, Azərbaycan Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunması ölkəmizin imicinə də müsbət təsir göstərir.

“İllər ərzində bu təşkilatla gərginlik yaşamışıq. Bu təşkilat hər zaman Azərbaycanı tənqid edirdi. Amma artıq Azərbaycana qarşı münasibəti dəyişir. Bu, təbii ki, müsbət haldır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda iştirak etsin, orada Azərbaycanın mövqeyi səslənsin. Çünki əks halda bizə qarşı olan qüvvələr əsassız mövqe sərgiləyərək ölkəmizə qarşı yanlış fikir formalaşdırmağa çalışırlar. Bu baxımdan, hesab edirəm ki, bu cür nüfuzlu təkşilata üzv qəbul olunmağımız xüsusi önəm daşıyır və ölkəmizin maraqlarına tam xidmət edir”, - deyə o bildirib.

Sədr sonda bütün vəkilləri təbrik edib və göstərilən dəstəyə görə minnətdarlığını bildirib: “Bu məsələdə bizə çox böyük dəstək verən dostlarımız da oldu. İki ölkənin - Ukrayna və Gürcüstanın əməyini xüsusilə vurğulamaq istərdim. Onlar bütün səylərini səfərbər etmişdilər. Bu qardaş dəstəyi bizim üçün unudulmazdır. Bunu hər zaman xatırlayacağıq. Həmçinin onu da xüsusi olaraq qeyd etməliyəm ki, tanınmış vəkil Aslan İsmayılov bizim xəbərimiz olmadan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına müraciət edərək bizə dəstək göstərib. Bilirsiniz ki, qısa müddət öncə Aslan müəllimin Vəkillər Kollegiyasına üzvlüyü bərpa olunub. Çox şadam ki, Aslan müəllim bu cür mövqe nümayiş etdirib. Bu onu göstərir ki, Aslan müəlllim peşəsini və ölkəsini ürəkdən sevən adamdır. Buna görə də ona xüsusi minnətdarlığımı bildirirəm. Düşünürəm ki, ölkəsini sevən, peşəsini sevən və onun daha da güclənməsini arzulayan hər kəs bu uğura sevinməlidir. Bizə dəstək olan hər kəsə təşəkkür edir və bütün vəkilləri bu qələbəmiz münasibətilə bir daha təbrik edirəm”.

Oxşar xəbərlər