Fərhad Mirzəyev: "Azərbaycan Vəkillər Kollegiyası müstəqil bir qurum kimi artıq Avropa səviyyəsində tanınır"


  • 16 May 2022 16:45

"Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlüyə qəbul olunmaq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əldə etdiyi çox böyük nailiyyətdir".

Bunu e-huquq.az-a açıqlamasında Londonda yaşayan tanınmış azərbaycanlı hüquqşünas, “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri Fərhad Mirzəyev deyib.

O bildirib ki, CCBE kimi nüfuzlu beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunmaq gərgin əməyin nəticəsində mümkün olub: "Azərbaycana qarşı həmişə ikili standartlar tətbiq olunub. Quruma üzv olan bəzi ölkələr Azərbaycanın ora üzv olmasına əngəllər törədirdilər. Bəhanə edirdilər ki, guya, Azərbaycanda insan hüquqları kifayət qədər inkişaf etməyib. Halbuki, həmin ölkələrin özlərində çox ciddi problemlər var. Sədr Anar Bağırov və onun komandasının gərgin fəaliyyəti nəticəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının həmin beynəlxalq təşkilata üzv olmağa layiq olduğu sübut olundu. Artıq Azərbaycan Vəkillər Kollegiyası müstəqil bir qurum kimi Avropa səviyyəsində tanınır. Bu nailiyyət Azərbaycan vəkilləri üçün çox böyük imkanlar açır. Avropa təcrübəsindən bəhrələnməyə, digər üzv dövlətlərlə əməkdaşlıq və təcrübə mübadiləsinə şərait yaradır".

F.Mirzəyev həmçinin qeyd edib ki, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlük Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında da əhəmiyyətli rol oynayacaq: "Bu nailiyyətin həm də siyasi tərəfləri var. Azərbaycan vəkilləri beynəlxalq tribunaya çıxmaq və öz səslərini eşitdirmək imkanı qazanır. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini bu tribuna vasitəsilə digər üzv dövlətlərə də çatdırmaq mümkün olacaq. Ümumiyyətlə, bu və digər beynəlxalq nüfuzlu təşkilatlara Azərbaycanın üzv olması həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir".

Oxşar xəbərlər