Deputat: "Vəkillər Kollegiyasının beynəlxalq fəaliyyətinin daha da genişlənməsi üçün yeni imkanlar yaranacaq"


  • 20 May 2022 14:10

"Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlük ilk növbədə Azərbaycan Vəkillər Kollegiyasının beynəlxalq fəaliyyətinin daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq. Yəni, bu təşkilata üzv olan digər ölkələrlə səmərəli qarşılıqlı təcrübə mübadiləsi aparmağa və nəticədə vəkillik fəaliyyətində ən yeni təcrübələrin tətbiqinə köməklik edəcək".

Bunu e-huquq.az açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov deyib.

Deputat bildirib ki, Vəkillər Kollegiyasının CCBE-yə qəbulu yaxın gələcəkdə vəkillər tərəfindən daha yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə və vətəndaşların hüquqlarının daha keyfiyyətli şəkildə müdafiəsinə təsirsiz ötüşməyəcək. Bunlar isə nəticədə ölkəmizdə vəkillik institutunun daha da güclənməsinə və nüfuzunun artmasına aparacaq.

N. Həsənov hesab edir ki, bu beynəlxalq təşkilata üzvlük Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına da töhfə verəcək: "Vəkillik institutun təkmilləşdirilməsi üçün ardıcıl olaraq hüquqi islahatların həyata keçirildiyi bir dövrdə CCBE-də təmsilçilik vəkillərimizin Azərbaycan həqiqətlərinin, xüsusilə 30 illik işğal dövründə işğal altında olan şəhərlərimizin dağıdılması, Azərbaycan mədəni irsinin məhv edilməsi, Azərbaycan xalqının milli irsinin, tarixi abidələrin dağıdılması və buna bənzər digər müharibə cinayətlərinin, erməni vandalizminin post-müharibə dövründə dünya hüquq ictimaiyyətinə çatdırılmasında və bu cinayətləri törədənlərin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsinin təmin edilməsi prosesində iştirakı üçün yeni imkanlar yarada bilər".

Xəyalə Bünyatova

Oxşar xəbərlər