"Bəzi hakimlərin fəaliyyətində ciddi qüsurlar olur. Bunu vəkillərin, müstəntiqlərin də fəaliyyətində də görmək olar. Bu, aydın məsələdir. Heç kəs deyə bilməz ki, filan peşə sahibləri işini ideal səviyyədə bilir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Qaynarinfo.az" saytına müsahibəsində deyib.
Sədrin sözlərinə görə, hakimlərlə bağlı əsas narazılıq vəkillərin vəsatətlərinə biganə yanaşmaları ilə bağlıdır: "Vəkil vəsatət verir. İşin tam, hərtərəfli, obyektiv araşdırılmasını tələb edir. Vəkilin əlində olan səmərəli vəsatəti rədd edir, səbəbini isə izah etmirlər. Halbuki qanunvericiliyin tələblərinə görə, vəsatəti rədd edəndə əsaslandırmalıdır ki, bu nəyə görə edilir. Göstərməlidir ki, filan hallara görə vəkilin qaldırdığı vəsatət əsassızdır".
