""Vəkillik peşəsi uşaqların gözü ilə" adlı uşaq rəsm sərgi-müsabiqəsinin keçirilməsində məqsəd ölkəmizdə vəkillik peşəsinə olan marağı daha da artırmaqdır".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
"Hesab edirəm ki, son illər ərzində ölkəmizdə məhkəmə-hüquq sahəsində, vəkillik sahəsində aparılan islahatlar peşəmizi xeyli populyar edib. Ölkədə vəkillərin və vəkil qurumlarının sayı artıb. Ona görə də bizə maraqlıdır ki, gənclərimiz, gələcək vəkillərimiz bizim peşəni necə görürlər və yanaşırlar. Sərgidə əsasən gənc rəssamlar iştirak edir. Çox maraqlı əsərlər var. Müsabiqənin qalibləri tərəfimizdən mükafatlandırılacaqlar. Çalışacağıq ki, hər il belə sərgilər keçirilsin. Bakıda və regionlarda fəaliyyət göstərən gənc rəssamlar fəal iştirak etsinlər", – deyə sədr bildirib.
A.Bağırov həmçinin qeyd edib ki, tədbirdə Qarabağ Dirçəliş Fonduna dəstək aksiyası baş tutacaq: "Vəkillərimiz, vəkil büroları bu aksiyada fəal iştirak edirlər. Bu da hüquqları pozulan məcburi köçkünlərin hüquqlarının bərpası üçün mühüm əhəmiyyət kəsb edir".
Xəyalə Bünyatova
