Lətif Hüseynov: "CCBE-yə üzvlük Azərbaycan vəkilləri üçün geniş imkanlar yaradır"


  • 17 İyun 2022 13:21

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına üzv qəbul olunmasını çox mühüm hadisə kimi qiymətləndirirəm. Bu, Vəkillər Kollegiyasına dialoq və ünsiyyət üçün geniş imkanlar yaradır, həmçinin Azərbaycan vəkillərinə Avropa hüquq məkanında daha səmərəli fəaliyyət göstərmək üçün yeni üfüqlər açır".

Bunu e-huquq.az-a açıqlamasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov deyib.

O bildirib ki, CCBE-yə üzvlük Azərbaycanda vəkilliyin inkişafına öz töhfəsini verəcək: "Hesab edirəm ki, vəkillik hər bir sivil cəmiyyətin bel sütunlarından biridir və ədalət mühakiməsinin tərkib hissəsidir. Ona görə də vəkilliyin inkişafı çox vacibdir. Bu baxımdan Vəkillər Kollegiyasının CCBE-yə üzvlüyünün Azərbaycan üçün mühüm əhəmiyyəti var. Bu, Azərbaycan vəkilləri üçün təcrübə mübadiləsinin aparılmasında, Avropa təcrübəsinin öyrənilməsində önəmli rol oynayacaq".

L.Hüseynov Azərbaycanda son illərdə vəkillik institutunun inkişaf etdiyini qeyd edib: "Əvvəllər Azərbaycanda vəkillərin sayının az olması ilə bağlı problemlər var idi. Amma indi vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu, çox vacib irəliləyişdir. O ölkədə ki, vəkillik güclü inkişaf edib, deməli, orada hüquqi müdafiə və məhkəmə güclüdür. Əgər məhkəmə güclü və müstəqildirsə, onda cəmiyyətin, dövlətin özü də güclüdür. Eyni zamanda Avropada olan tələblərdən biri bundan ibarətdir ki, vəkillik kağız üzərində olmasın, göstərilən hüquqi yardım keyfiyyətli olsun. Bunun üçün də vəkillərin bilik səviyyəsi və təcrübəsi artırılmalıdır və hesab edirəm ki, bu sahədə də irəliləyiş var. Deməli, Azərbaycanda hüquqi dövlətin ən mühüm əlamətlərindən biri olan ədalət mühakiməsinin Avropa dəyərlərinə uyğun həyata keçirilməsi üçün artıq çox mühüm baza yaradılır".

Xəyalə Bünyatova

Oxşar xəbərlər