Sədr: "Vəkil Avropa Məhkəməsinə şikayət edəndə sanki cinayət törədirmiş kimi reaksiya verirlər"


  • 17 İyun 2022 15:01

"Vəkillərimiz Avropa Məhkəməsinin təcrübəsindən bəhrələnirlər və İnsan hüquqları haqqında Avropa Konvensiyasının tətbiqində aktiv iştirak edirlər".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.

Sədr qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin düzgün tərtib olunması vətəndaşların ədalət mühakiməsinə çatımlığında böyük rol oynayır. Bu səbəbdən Vəkillər Kollegiyası tərəfindən vəkillərin bu sahədə biliklərinin artırılması, mütəmadi təlimlərin keçirilməsi prioritet məsələlərdən biridir.

A. Bağırov təəssüflə bildirib ki, bəzən Avropa Məhkəməsinə müraciət cəmiyyət tərəfindən düzgün anlaşılmır: "Görürsən ki, vətəndaşlar, məmurlar mənə müraciət edirlər ki, filan vəkil Avropa Məhkəməsinə müraciət edir, o, düzgün iş görmür. Elə reaksiya verirlər ki, sanki vəkil cinayət törədir. Amma insanların təfəkkürü dəyişməlidir. Avropa Məhkəməsinə müraciət etmək dövlətinə qarşı xəyanət demək deyil. Avropa Məhkəməsinə müraciət etmək ədalət axtarmaq deməkdir. Yəni, bu müraciət hüquqi yardımın keyfiyyətli göstərilməsi üçün edilir. Bu, bəlkə də vəkil tərəfindən görüləcək ən vacib fəaliyyətlərdən, ən təsirli alətlərdən biridir. Zənnimcə, biz bunu cəmiyyətdə də bu cür təbliğ etməliyik. Çünki görürəm ki, cəmiyyətdə də bəzən bununla bağlı ziddiyyətli fikirlər səsləndirilir. Buna görə də hüquqi düşüncə hazırki tələblərə uyğun olmalıdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı gələcəkdə Avropa Şurası ilə birlikdə müəyyən işlər görülməlidir".

Xəyalə Bünyatova

Oxşar xəbərlər