"Vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində qarşıya qoyduğumuz hədəflərə nail olmuşuq"


  • 1 İyul 2022 16:14

“Vəkillik institutunun güclənməsi, müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində qarşıya qoyduğumuz hədəflərə nail olmuşuq”.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, son illər vəkillik sahəsində həyata keçirilən tədbirlər Azərbaycan vəkilliyinin həm ölkədə, həm də beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb olub: “Tam əminliklə deyə bilərəm ki, bu gün ölkədə tamamilə yeni, müasir və təkmilləşmiş bir vəkillik institutu formalaşıb. Təkcə onu demək kifayətdir ki, bu gün vəkilliyə qəbul olan namizədlərin əksəriyyəti gənc hüquqşünaslardır”.

Sədr aztəminatlı şəxslərə göstərilən hüquqi yardımdan da danışıb: “Bakıda və regionlarda aztəminatlı şəxslərə keyfiyyətli hüquqi yardım göstərilməsi sistemli xarakter daşıyır. Biz mütəmadi olaraq ödənişsiz hüquqi yardım aksiyaları keçiririk və ictimaiyyəti bu barədə məlumatlandırırıq. Hər kəs bilməlidir ki, Azərbaycan vəkilləri eyni zamanda ictimai yükü daşıyırlar. Azərbaycan vətəndaşları qarşısında, cəmiyyət qarşısında bir missiyanı yerinə yetirirlər. Vəkilin məqsədi, məramı yalnız müqavilə bağlayıb gəlir əldə etmək deyil. Vəkilin əsas hədəfi insanlara yüksək keyfiyyətli hüquqi yardım göstərməkdən ibarətdir”.

A.Bağırov dövlət hesabına hüquqi yardım göstərilən işlərin kateqoriyalarının genişləndirilməli olduğunu deyib: “Son dövrlər məişət zorakılığı qurbanlarının dövlət hesabına hüquqi yardımla təmin olunması ilə bağlı müzakirələr gedir. Yaxın zamanda qanunvericiliyə bununla bağlı dəyişikliklər ediləcək və məişət zorakılığı qurbanları da dövlət hesabına hüquqi yadım əldə edəcək. Bu, bizim üçün böyük bir uğurdur. Eyni zamanda birinci və apellyasiya instansiyası məhkəmələrində mülki işlər üzrə dövlət hesabına hüquqi yardım göstərilməsi məsələsi öz həllini tapmalıdır. Azərbaycan vətəndaşı yalnız cinayət işləri üzrə yox, mülki işlər üzrə də bütün instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımı əldə etməlidir. Hüquqi yardım əlçatan olmalıdır. Çox təəssüf edirəm ki, proses uzanır. Cənab Prezidentin müvafiq sərəncamında bununla bağlı tapşırıqlar verilmişdi, lakin bu tapşırıqlar tam icra olunmayıb. Ümid edirəm ki, bu məsələ yaxın zamanda həllini tapacaq”.

Rəşid Qarayev

Oxşar xəbərlər