"Cəmiyyət və vəkil" - Paşa Səfərovun məqaləsi


  • 5 İyul 2022 10:45

E-huquq.az tanınmış vəkil, hüquq yazarı Paşa Səfərovun 31.01-02.02.2022-ci il tarixlərdə Milan (İtaliya) şəhərində keçirilən IV Beynəlxalq Elm Konfransının materiallarında dərc olunmuş "Cəmiyyət və vəkil" məqaləsini ixtisarla təqdim edir:

XX əsrdə nəinki bədii, hətta elmi ədəbiyyatda belə vəkilin “köməkçi” adlandırılması adi hal almışdı. Başlıcası, sözügedən “köməkçi” şəxsə münasibət heç də birmənalı deyildi; kimsə yardım göstərilməsi üçün, kimsə də həqiqətin aşkar edilməsi üçün bu termindən istifadə edirdi. Birincilər hesab edirdilər ki, hüquqi yardıma ehtiyacı olan hər bir şəxsə hüquqi yardım göstərilməlidir və vəkil bunun öhdəsindən lazımı qaydada gəlir, ona görə də, o – “kömək edən şəxsdir”. İkincilər isə belə qənaətə gəlirdilər ki, həqiqətin aşkar edilməsi üçün hüquqi yardım göstərilən şəxsə elə həqiqəti söyləməyi izah edən etibarlı şəxs lazımdır və vəkil bu işin öhdəsindən gələcək yeganə inanılan şəxsdir, ona görə də, o – “məhkəmənin köməkçisi” – həqiqətin aşkara çıxarılmasında əməyi olan şəxsdir.

İstinad olunan hər iki istiqamət nümayəndələrinin elmi-təcrübi izahlı mövqeyi uzun zaman davam etmiş, hətta günümüzədək müzakirə mövzusu olmaqda da davam edir. İstər tarixi, istərsə də elmi nəzərdən hər iki istiqamətin mövqeyində həqiqət payının olması danılmazdır. Buna görə də konkret olaraq hansı istiqamətin haqlı olmasını söyləmək mümkün deyil, əsas da mövzuya təcrübi bucaq altında diqqət yetirdikdə. Nəticə etibarı ilə “köməkçi” adlandırılan şəxsin öz yardımını hansı niyyətlə göstərməsi və onun bu hərəkəti hansı düşüncə ilə qəbul edilməsi olduqca zəruridir. Belə olan halda həqiqət düşüncə ilə əhatələnir və düşüncə sahibi həqiqəti öz prizmasından qəbul edir, sonda hər bir şəxs öz seçimində qalmaqla eyni düşüncə tərzindən ayrılmış olur.

Cəmiyyətə münasibətdə vəkil “köməkçi” termini ilə əhatədən daha da geniş anlamda çözülməkdədir. Bu axtarış vəkilin peşə fəaliyyətindən dolayı etik davranış qaydalarına riayət edilməsi ilə tamamlanır. Belə ki, cəmiyyət vəkili daha geniş səpkidə müzakirə obyektinə çevirir və onu müzakirə edir, baxmayaraq ki, bu müzakirədə zaman və məkan anlayışları xüsusi yer tutur. Bütün hallarda müzakirə mərhələsinin başlanğıcı vəkilin hərəkətindən qaynaqlanır.

Vəkilin hərəkətinin dərkində şüurun rolu əvəzsizdir. Təbii ki, burada şüurun malik olduğu imkanın dairəsi önəmlidir, lakin yeganə deyil, burada kənar şüurların təsiri öz gücünü göstərə bilər. Buna görə də, vəkilin hərəkəti hüquqi mövqedən başqa əxlaqi, ictimai mövqedən də təhlil oluna bilər ki, burada onun hərəkətinə hüquqdan kənar münasibət göstərilə bilər. Odur ki, cəmiyyət vəkilin hərəkətinə birmənalı mövqe sərgiləmir, baxmayaraq ki, vəkilin hərəkəti hüquqi mövqedən əsaslıdır. Əgər biz təcrübəyə nəzər yetirsək bəzi həqiqətlərin şahidi olarıq; fərdi olaraq – F.M.Dostoyevski (1821-1861) “Yazıçının gündəliyi” əsərində uşaqlara işgəncə verən təqsirləndirilən şəxsləri böyük məharətlə müdafiə edən məşhur vəkillərin müdafiə metodları haqqında qəzəbli qeydlər aparmışdı; ictimai formada – 1957-ci ildə ABŞ-da SSRİ-i cəsusu Rudolf Abelin vəkili olmuş Ceyms Donovan casusu müdafiə etdiyi üçün cəmiyyət tərəfindən təzyiqə məruz qalmış, müxtəlif fiziki, mənəvi zərər görmüşdür; şəxsi formada - 2021-ci ildə Türkiyədə fəaliyyətlərindən dolayı vəkillər - İsa Alkan və Ersin Arslan müxtəlif məkan və zamanlarda öldürülmüşdür. Bu xoşagəlməz hal cari ildə ABŞ-da, Hindistanda və digər ölkələrdə baş vermişdir.

Hüquqi mövqedən vəkilin hərəkətinin əsaslı olmasının cəmiyyət tərəfindən qəbul edilməz olmasını anlamaq mümkündür, çünki cəmiyyətin hər bir fərdinin fərdi baxış bucağı mövcuddur, lakin bütün hallarda cəmiyyəti idarə edən dövlətin vəkilə münasibəti birmənalı olmalıdır – anlaşılan! Əgər biz 1917-ci il Rusiyasına diqqət yetirsək görərik ki, hakimiyyəti ələ keçirmiş xalq ehtiyac duyulmayan peşələrin ləğvinə çalışmış və bunlardan biri də vəkillik olmuşdur. Həmin zaman xalq qurduğu yeni dövlətə, o cümlədən onun məhkəməsinə elə bir inam formalaşdırmışdı ki, daha vəkilin köməyinə ehtiyac duymurdu; axı, vəkil onları kimdən müdafiə edəcək, dövlətdənmi, axı dövləti onlar özləri qurmuşdu. Beləliklə, 22 noyabr 1917-ci il tarixli Dekretin 3-cü bəndinə əsasən fərdi vəkillik məhdudlaşdırılmışdır. Lakin çox keçmədi ki, 15 fevral 1918-ci il tarixli Dekretin 7-ci hissəsinə əsasən “hüquq müdafiəçiləri kollegiyası” yaradılması nəzərdə tutuldu və 26 may 1922-ci ildə Ümumrusiya Mərkəzi İcrayyə Komitəsinin qərarı ilə Rusiyada vəkilliyin əsasını qoyan “Müdafiəçilər Kollegiyası” yaradıldı.

Həmçinin, maraqlı bir fakt - Fransa İnqilabı zamanı, 2 sentyabr 1790-ci ildə “Xüsusi vəkillik təbəqəsinin ləğv edilməsi haqqında” Dekret qəbul olundu. Dekretlə, bütün vətəndaşlara məhkəmələrdə vəkil (müdafiəçi) qismində çıxış etmək hüququ verilmişdi. Əslində müvəqqəti hökümətin belə bir Dekret qəbul etməsi vətəndaşların hüquqi müdafiə üçün qarşılaşdıqları çətinliyi aradan qaldırılması üçün atılan bir addım idi. Burada çətinlik vəkil xidmətinin baha olması və vəkillərin kasıb insanlara hüquqi yardımdan imtina etmələri göstərilirdi. Dekret 20 il qüvvədə qaldı və I Napoleon (1769-1821) 14 dekabr 1810-cu il tarixli Dekreti imzalamaqla 2 sentyabr 1790-ci il tarixli Dekret qüvvədən düşdü.

İstər Rusiyada, istərsə də Fransada vəkillik uzun müddət özünü bir peşə kimi doğrulda bilmədi və digər yaxın sahələr hesab olunan polis, prokuror və məhkəmə instituna rəğmən inkişafda axsadı. Bəs bu inkişafa mane olan nə idi? Doğrudanmı vəkillik bir peşə kimi cəmiyyətə xidmət etmirdi, bir peşə kimi cəmiyyətə lazım deyildi?! Nəzərə alsaq ki, R.Baxtanov vəkili “köməyə çağırılmış adam” hesab edirdi və əgər belədirsə o zaman köməyə tələsən adamın istər-istəməz cəmiyyətə bir faydası dəyməli idi. Amma necə?

Mövcud məsələnin köklü araşdırılması üçün tarixə müraciət etməyimiz əbəs sayılmaz və tarixin bizə bəxş etdiyi hadisələr qarşısında müəyyən qənaətə gəlmək mümkündür. Cəmiyyətin vəkilə münasibətinin formalaşmasında dinin başlıca rolu var. Çünki dini mənbələr insanlara yalan danışmamağı, düzgün olmağı, həqiqəti söyləməyi aşılayırdı. Məhz bunun nəticəsidir ki, günümüzdə məhkəmə salonlarında şahid düzgün ifadə verməsi üçün and içir, məgər hüquqi dərk edən, yaxud hüququn izahını başa düşən adamın nəyəsə and içməsinə ehtiyac varmıdır? Çətin vəziyyətdir! Dini mənbələrin təbliğedici və tərbiyəedici təsiri insanların şüurunda məskən salmağa başladığı andan insanlar həqiqətin müəyyən edilməsində kənar şəxslərin köməyini qəbuledilməz saymağa başladılar. Məsələn, Qədim Yunanıstanda vəkil köməyinə müraciət etmək ədəbsizlik sayılırdı; sadəlik, səmimilik, təbiilik ən yaxşı müdafiə vasitəsi hesab olunurdu. Əgər insan həqiqəti söyləyirsə və bunun üçün düzgün olursa o zaman başqası nəyə lazımdır, onun düzgün olmasına nədə köməklik edə bilər.

Dini mənbələr insanlara daha vacib bir vəziyyət də çatdırmışdılar – məhkəmələr insanlara lazımı cəzanı verəcək, başqa heç kim məhkəmə qədər insana yardımçı ola bilməz. Məhz buna görə, islam hüquqlu dövlətlərin tarixlərinə nəzər yetirsək görərik ki, onların vəkilliklə bağlı elə bir keçmişə malik deyildi. Xalq məhkəməyə (qaziyə) inanırdı və ona qazidən başqa düzgün yardım edəcək insan ola bilməzdi, o zaman digər şəxsin yardımına ehtiyac da yox idi. Bundan başqa İslam dinindən fərqli olaraq digər dinlər bir qədər fərqli düşünürdü, amma vəkilliyi hakimiyyətin adamı kimi qiymətləndirirdi, xalqın yox. Bu barədə İncildə maraqlı faktlar nəzərdə tutulmuşdu.

İsa vəkilləri sevmirdi, baxmayaraq ki, onu günahkar insanın vəkili hesab edirdilər (“...əgər kimsə bir günah iş tutsa Atanın yanında saleh olan İsa Məsih kimi vəkilimiz var” (Yəhyanın birinci məktubu, 2:1)). Amma o, vəkilin müdafiəsinə ehtiyac duymurdu: “...özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin. Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək” (Luka, 12:11-12).

Məhz buna görə ona qardaşı ilə arasında olan miras mübahisəsinə görə müraciət edən şəxsə “... a qardaş, məni aranızda hakimlik, vəkillik etməyə kim qoyub?” sual verərək əsəbləşmişdi (Luka, 12:14).
Həmçinin, vəkilləri hakimiyyət nümayəndələri olmaqda, insanları deyil hakimiyyəti müdafiə etməkdə ittiham edirdi.

Məhkəməsində İsaya vəkillik edən olmadı, onun müdafiəsinə kimsə qoşulmadı, hətta öz həvariləri belə bundan ehtiyyat etdilər. Onu yeganə müdafiə edən isə ona ölüm cəzasını verən hakim oldu, öncə onun müdafiəsinə qalxdı, özü də 3 dəfə, lakin İsanı ittiham edən kahinlərin təzyiqlərinə tab gətirməyərək onlarla razılaşdı və İsa barəsində ölüm cəzası verdi (Luka, 23:13-24).

Lakin bu məsələdə tək cəmiyyəti günahlandırmaq yersizdir, vəkilin özünü təqdimetməsi də burada mühüm rola malikdir. Məsələn, Qədim Romada adlı-sanlı vəkillər cinayət işindən həqarətlə üz döndərirdilər. Onlar bunu xırdaçılıq və çirkin iş sayırdılar. Vəkil necə ola bilər ki, hansısa bir cinayətkarı müdafiə etsin, bu, ki, ağılsızlıqdır. Hətta XX əsrin əvvəllərində C.Qolsuorsinin (1867-1933) müəllifi olduğu “Birincilər və axırıncılar” əsərində ona düzgün məlumat verməyən cinayət törətmiş şəxsə görə vəkilin necə əsəbləşməsi səhnəsi mövcuddur. Bu gün də günümüzdə təcrübədə müəyyən kateqoriya işlərə bölünmüş vəkillərin mövcudluğundan xəbərdarıq, hətta xırda işlərdən imtina edən xeyli sayda vəkil mövcuddur ki, burada onları qınamaq niyyətimiz yoxdur, zatən qanun onların tərəfindədir.

Ümumi anlamda vəkilə münasibətdə cəmiyyətin razılıq nümayiş etdirməsi başlıca olaraq onun hansısa sadə (yoxsul) şəxsi vəzifəli (imkanlı) şəxsə mübarizədə qalıb etməsidir. Məsələn, 1878-ci ildə Peterburqda baş vermiş Vera Zasuliçin məhkəmə işində (həmin məhkəmə iclasında Dostoyevski tamaşaçı kimi iştirak edirdi) vəkil Aleksandrovun maraqlı çıxışı və yekunda Vera Zasuliçin bəraət alması (bəraət hökmünü eşidən F.M.Dostoyevski yanındakı şəxsə demişdi: - Məhkum etmək olmaz! Burada cəzalandırmaq yersizdir, artıq şeydir. Lakin o qadına necə deyəsən ki, “çıx get, ancaq ikinci dəfə bu cür hərəkət eləmə!” Bizdə gərək ki, bu cür hüquq düsturu yoxdur, birdən indi onu qəhrəman dərəcəsinə yüksəldə bilərlər...) halında küçədə toplaşan kütlənin vəkili necə alqışlaması səhnəsi tarixə çevrilmişdir.

Əksinə məhkəmə iclasında istəyi təmin edilməmiş, yaxud cəmiyyət tərəfindən qınaq obyektinə çevrilmiş şəxslərə hüquqi yardım göstərən vəkillər cəmiyyət tərəfindən heç də yaxşı qarşılanmayan hallarla rastlaşırdılar. Məsələn, rəssam Onore Viktoren Dome (1808-1879) tərəfindən işlənmiş bir neçə litoqrafiyada vəkillərlə bağlı xoşagəlməyən münasibət təsvir olunmuşdur. Məsələn, müəllifin “Yaxşı pul verilmiş vəkil” (1845) litoqrafiyasında vəkilin necə bağırdığı, əl-qol atdığı açıq-aşkar diqqətə çatdırılmışdır. Bundan başqa müəllifin “Müdafiəçi vəkili” (1862-1865) və s. əsərlərində vəkilin aciz durumda olduğu, məhkəmə iclasında yatdığı, müştərini ələ saldığı tamaşaçıya açıq şəkildə təqdim olunur. Yaxud bədii ədəbiyyat nümayəndələri - Cerom Devid Selincerin (1919-2010) “Çovdarlıqda uçurumdan qoruyan”, Paulo Koelyonun (1947) “Şeytan və senyorita Prim”, Viktor Hüqonunun (1802-1885) “Edamdan bir gün əvvəl” (1829) əsərlərində vəkillərlə bağlı xoş olmayan səhnələrin şahidi ola bilərik.

Çünki hüquqdan çox, cəmiyyətə daxili inam və bu inamdan doğan ictimai yaxınlıq mövcuddur. Məhz bu səbəb cəmiyyətə vəkilə münasibətdə lazımı hüquqi yardım göstərmə ilə deyil, işin nəticəsi ilə qiymətləndirməsi də bu kateqoriyaya aiddir. Apardığım araşdırma-sorğu nəticəsində müəyyən olunmuşdur ki, cavab verənlərin əksəriyyəti vəkillə işinin müsbət həlli üçün müqavilə bağlamağa meyillidir, daha onları vəkilin hüquqi yardımı hansı formada və necə qurması deyil. Ən maraqlı hal ondan ibarətdir ki, yüz illər öncə cəmiyyətin məhkəməyə olan inamının artmasına baxmayaraq vəkilə hələ də düzgün yanaşmaması halı qaçılmazdır.
Bütün bunların fonunda cəmiyyətin onu da yaxşı anlayır ki, vəkillik institutunun inkişafı onların hüquq və azadlıqlarının yüksək müdafiəsi deməkdir. Zaman və məkandan asılı olmayaraq cəmiyyətin üzləşdiyi çətinliklə bağlı inamla üz tutduğu ünvan məhz vəkillikdir. Bəlkə də bu mövqedən çıxış edərək cəmiyyət həmişə vəkilliyə qarşı rahat mövqedə dayanmır, çünki rahatlıq inkişafı ləngidən bir mərhələdir.

Cəmiyyətdən fərqli olaraq dövlətin vəkilə münasibəti həmişə müsbət olub. Cəmiyyətdən fərqli olaraq dövlət vəkillik institutunu xüsusi mövqedə saxlayıb. Cinayət törətməkdə təqsirləndirilən şəxs üçün dövlət hər zaman vəkilə müraciət edir, bunun üçün ona haqq ödəyir. Bir növ dövlət vəkili cəmiyyət üçün lazımlı olmasını sübut etmək istəyirdi. Bununla yanaşı dövlət vəkillik institutunun inkişafında maraqlıdır, bununla bir növ hakimiyətin bir qolu olan məhkəmə hakimiyyətinə nəzarət funksiyasını rahatlıqla həyata keçirir. Belə ki, məhkəmə hakimiyyətinin mövcud boşluqlarını, o cümlədən uğurlarını daha yaxşı vəkil müəyyən edir və vaxtaşırı bunu informasiya kimi yaymaqla məşğuldur. Məhz bunun üçün vəkillik institutunun inkişafı dövlətin istər məhkəmə hakimiyyətində, istər digər istintaq, prokurorluq orqanlarında mövcud vəziyyəti öyrənməsində xüsusi diqqətindədir. Əbəs yerə Böyük Britaniyanın baş naziri olmuş U.Çörçil (1874-1965) yazıçı C.Qolsuorsinin (1867-1933) “Ədalət” əsərini İngiltərədə pentensiar xidmətinin inkişafı üçün əvəzsiz mənbəə hesab etməmişdir. Qolsuroisu vaxtı ilə vəkil işləmişdi, o cəzaçəkmə müəssisəsində mövcud olan boşluqları məhz yazıçı kimi deyil hüquqi dillə oxucuya çatdırmışdı və bu çatdırılma yekunda dövlət üçün inkişafa gətirib çıxartdı.

Burada başqa nüans da mövcuddur. Cəmiyyətdən fərqli olaraq dövlətin vəkilliyə müdaxiləsi onun inkişafına xidmət edir. Əgər dövlət vəkillə bağlı hər hansı bir məhdudiyyət müəyyən edirsə, o zaman vəkil həmin məhdudiyyəti kompensasiya edəcək başqa bir yol tapır. Təbii ki, yeni və kənar yollar yekunda vəkillik institutu üçün yeni mərhələlər meydana gətirir. Məsələn, imperator I Leo (401-474) vəkilliklə məşğul olmaq üçün müəyyən olunmuş şərtləri özündə əks etdirən qanuna əlavələr edilməsi barədə qərar qəbul etmişdi. Qərara görə vəkil olmaq istəyən şəxsin hüquqi biliyə malik olması zəruri idi və şəxs bu barədə hüquq bilicisindən müvafiq şəhadətnamə almalı idi. Nəticədə vəkil olmaq niyyətində olan şəxslər kütləvi formada hüquqi təhsil əldə etməyə çalışdılar ki, bu da nəticədə onların müəyyən hüquqi biliklərə malik olmasına gətirib çıxartdı.

Zamanın axarında cəmiyyətin şüurunun inkişafı məhz dövlətin inkişafına xidmət edir. Dövlətin inkişafı isə vəkillik institutunun inkişafından çox asılıdır. Bununla bağlı vəkillik institutununun inkişafına xidmət edəcək qanunlar, normativ hüquqi aktlar qəbul edirlər. Vəkillərin sayı artırılır, onların səlahiyyətini artıran normativ hüquqi aktlar qəbul olunur, yeni zamana uyğunlaşması üçün vəkillərin müxtəlif yol xəritələri ərsəyə gəlir.

Oxşar xəbərlər