Sədr: "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklə bağlı ciddi sənəd hazırlanıb


  • 5 İyul 2022 14:12

"Azərbaycan vəkilləri bütün digər ölkələrdə olduğu kimi, vaxt itirmədən elektron qaydada sorğu göndərmək imkanına malik olmalıdır. Bürokratik əngəllər, korrupsiyaya şərait yaradan hallar olmadan şəffaf qaydada bu işləri görməlidirlər. Bu, bizim əsas hədəflərimizdən biridir".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Sədr bildirib ki, vəkillər üçün elektron order məsələsi və tezliklə həllini tapacaq: "Demək olar ki, bu sahədə hər şey yekunlaşıb. Anacaq digər orqanlarla inteqrasiya məsələsi işimizi ləngidir".

Onun sözlərinə görə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən aidiyyatı qurumlarla razılaşdırılmaqla ciddi sənəd hazırlanıb: "Artıq sənədləri aidiyyatı qaydada dövlət qurumlarına təqdim etmişik. Ümid edirəm ki, təkliflərimiz qəbul olunacaq və bundan sonra artıq qanundan irəli gələn problemlər aradan qalxacaq. Təkliflərimiz, demək olar ki, qanunun bütün maddələrini əhatə edir. Layihə hazırlanarkən təbii ki, beynəlxalq təcrübə də nəzərə alınıb. Zənnimcə, bu, vəkilliyin daha da güclənməsinə təkan verəcək. Mən həmişə bunu deyirəm və yenə təkrar edirəm ki, vəkilliyin əsas funksiyası həm də vəkillərin hüquqlarının müdafiəsidir. Bu funksiya bizim qanunda öz əksini tapmayıb, lakin tapmalıdır. Vəkilliyə qəbul məsələləri təkmilləşməlidir, staj azalmalıdır. Biz təklif edirik ki, tələb olunan staj bir il olsun. Hesab edirik ki, hələ də Azərbaycanda vəkillərin sayı kifayət qədər deyil".

Rəşid Qarayev

Oxşar xəbərlər