Azərbaycanda iki vəkil hakim təyin olunub


  • 7 İyul 2022 10:28

İyulun 6-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırovun dəvəti ilə hakim vəzifəsinə təyin edilmiş vəkil Şəfəq Məmmədova və Fuad Babaşov da iclasda iştirak edərək onlarla görüş baş tutub.

Görüş zamanı sədr A.Bağırov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işləri, Məhkəmə-Hüquq Şurasının fəaliyyətini, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələri, gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsini vurğulayıb və Vəkillər Kollegiyasının Məhkəmə-Hüquq Şurasıda və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu qeyd edib. “Sevindirici haldır ki, vəkillər Şəfəq Məmmədova ilə Fuad Babaşov da vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirərək uğur qazanıblar. Bununla da hakim vəzifəsinə təyin olunmuş vəkillərin sayı ümumilikdə 82 nəfərə çatıb” - deyə sədr bildirib.

Rəyasət Heyətinin qərarına əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslər Fəxri Fərmanla təltif edilmiş və iclas zamanı A.Bağırov onların Fəxri Fərmanlarını təqdim edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Məmmədova Şəfəq Ənvər qızı Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsinə və Babaşov Fuad Bəhruz oğlu isə Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin ediliblər.

Daha sonra iclas gündəliyinə uyğun olaraq, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 2 vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər